Hüquq müdafiəçilərindən antiterror haqda BƏYANAT

Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Qarabağda və şərti sərhəddə səngimək bilməyən erməni təxribatları və buna cavab olaraq ordumuzun başlatdığı antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, bəyanatda Azərbaycanın konstitusion hüququnu bərpa etmək üçün başlatdığı mübarizə dəstəklənir və dünya ictimaiyyətinə haqq və ədalətin yanında olmaq üçün çağırış edilir:

“Son aylar həm Ermənistan, həm də Azərbaycanın Qarabağ iqtisadi zonasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə yerləşən qanunsuz erməni silahlı birləşmələri və separatçı dəstələr tərəfindən ardıcıl təxribatlar törədilir. Bunun nəticəsində Azərbaycanın mülki vətəndaşları, polis əməkdaşları, abadlıq və quruculuq işləri ilə məşğul olan digər qurumların işçiləri mina qurbanına çevrilib. Ötən gün bu ərazilərdə həyatını itirən 12 nəfərdən 7-nin mina terrorunun qurbanı olduğunun şahidi olduq.

Biz hüquq müdafiəçiləri olaraq demokratiyanın, sülhün və ədalətin keşiyində durduğumuzu bəyan edir və qeyd edirik ki, bu bölgədə Ermənistan və onun havadarlarının təhriki ilə minlərlə erməni separatçısı tərəfindən Azərbaycan xalqına qarşı terror aktlarının törədilməsi və Azərbaycan ordusunun yerləşdiyi döyüş nöqtələrinə atəş açılması nəticəsində insan tələfatına, itkilərə göz yuma bilmərik. Azərbaycan ordusunun bölgədə lokal antiterror tədbirləri keçirməsi və Azərbaycanın konstitusion hüququnun bərpası labüd idi. Separatçılar bölgədəki etnik erməni azlığını münaqişələrə cəlb etməkdən çəkinməlidir. Azərbaycan dövləti mülki əhaliyə qarşı hər hansı tədbirlər həyata keçirməyəcəyini bəyan etməklə və yalnız qanunsuz silahlı birləşmələrə zərbələr endirməklə bölgədə sülhün, əmin-amanlığın bərpasına xidmət edən addım atır. Biz Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımları dəstəkləyir və hesab edirik ki, dünya ictimaiyyəti Qarabağda sülhün və dövlətin konstitusion hüquqlarının bərpasında maraqlı olmalıdır.

Azərbaycanın tanınmış hüquq müdafiəçiləri olaraq dövlətimizin və ordumuzun yanında olduğumuzu bəyan edirik”.

1. Çingiz Qənizadə;

2. Novella Cəfəroğlu;

3. Səidə Qocamanlı;

4. Səadət Bənənyarlı.