Azərbaycandakı bu bina Ermənistana tabedir

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə qadağan olunmuş və gömrükdə bəyan edilməmiş məhsulları keçirməsi faktından sonra Azərbaycan tərəfi humanitar məqsədlər üçün Xankəndi-Laçın-Gorus marşrutuna alternativ olaraq Bərdə-Ağdam-Xankəndi marşrutunu təklif edib”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, BQXK-nın fəaliyyətləri Azərbaycan tərəfini qane etmir:

“BQXK-nın gözü qarşısında rusların müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycana qarşı addımlar atılıb, o cümlədən, azyaşlı erməni uşaqlara silah paylanılıb, təlimlər keçilib. Lakin BQXK bu barədə bircə quru bəyanat belə səsləndirməyib”.

Ə.Verdiyev deyib ki, ümumiyyətlə, BQXK-nın hərəkətləri beynəlxalq qanunlara tamamilə ziddir:

“Heç bir halda BQXK ölkələrin ərazisinə bəyan olunmamış yükləri keçirmək səlahiyyətinə malik deyil. Lakin komitəyə göstərilən etimaddan sui-istifadə halları bir neçə dəfə baş verib. Onlara bu barədə əvvəllər bir neçə dəfə məlumat verilsə də, fəaliyyətlərində heç bir korreksiya etməyiblər. Nəticə etibarilə BQXK-nın Azərbaycan ərazisində olan ofisinin İrəvana tabe olması da ağlabatan və məqsədəuyğun deyil. Odur ki, onların yeni marşruta keçmələri, yəni Azərbaycanın bir ərazisindən digər bölgəsinə aparılması daha doğru olar. Yəqin ki, bu məsələ yaxın həftələrdə həllini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az