Ordumuzun Qarabağda keçirəcəyi əməliyyatın adı… – “Tarixi” söz

“Vaşinqton görüşü Ermənistan tərəfinin sabotaj cəhdləri sayəsində yenə də nəticəsiz qaldı. Əlbəttə ki, hazırkı reallıqlar şəraitində Vaşinqtonun sehrli dəyənəyinin olduğunu gözləmirdik. Ancaq ən azından detalların müzakirəsi və kiçik də olsa praktiki irəliləyişə nail olmaq mümkün idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Vaşinqton görüşünün yekunlarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, qarşımızda eyni vaxtda bir neçə paytaxtın masasında əyləşən Ermənistan kimi dövlət var:

“Belə olduqda biz yalnız İrəvanla deyil, digərləri ilə də mübarizə aparmalı oluruq. Yenə də ermənilər vədlərinə sadiq qalmasalar da, ənənəvi təxribat ritorikalarına sadiq qaldılar. Həm də görüş ərəfəsində. ABŞ-ın bölgədə sülhə nail olmaq cəhdləri aşkardır. Bundan Rusiya başda olmaqla narahat olan güclər var. Mümkündür ki, hazırkı təxribatlarda birbaşa sifarişçi Rusiya oldu, Ermənistan isə faydalandı. Fayda isə görüşlərin sayının artırılması, mümkün qədər çox vaxt qazana bilmək, növbəti seçkilərədək delimitasiya prosesini uzatmaq, Moskvanın “qapaz”ından xilas olmaq və sairə.
Qondarma rejim isə bu kimi diversiyalarla reinteqrasiyanın mümkün olmayacağını, problemlərin həlli üçün İrəvanla deyil, Xankəndidəki separatçılara dialoqa girməli olduğumuzu göstərməyə çalışır. Rəsmi Bakı onların başlarını əzməklə “Xankəndi” deyilən tərəfin olmadığını göstərir. Hələ ki, kiçikçaplı əməliyyatla.

Züriyə Qarayeva

Qisasımızın qısa olması qəzəbimizi maksimum tənzimləməyə çalışmağımızdandır. Onlar silaha əl atmaqla dünyaya nəsə göstərməyə çalışsalar da, biz Vaşinqtona və digər güclərə göstəririk ki, əlisilahlı ermənilər bölgədə olduğu müddətdə bu görüşlərin heç bir əhəmiyyəti qalmır. Əhəmiyyətini artırmaq üçün bizim sahədə “işlər” görməyimizə ehtiyac var. Bu “işlərin” silahsız ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə heç bir aidiyyəti yoxdur”.

Politoloq qeyd edib ki, Azərbaycan Ordusu Qarabağdakı silahlı terrorçulara qarşı əməliyyat keçirərək, separatçı rejimi gorbagor edəcək:

“Separatçılar insan dilindən anlamasalar, “Qisas”ın davamını gətirib, statusu gorbagor (!) etdiyimiz kimi, onların atributlarını da, silahlılarını da cəhənnəmə vasil edəcəyik”.

Qeyd edək ki, Vətən müharibəsi zamanı ermənilər Şuşada Ordumuza qarşı “Gorbagor” adlı əməliyyat keçirməyə çalışsa da, bu, onlar üçün faciə ilə yekunlaşmışdı. Əgər separatçı rejim Bakının tələblərini qəbul etməsə, daha bir “Gorbagor” əməliyyatına məruz qalacaq.

Turan Rzayev
Globalinfo.az