“Hər kəs milli satqınlarla bir sırada dayanmadığını nümayiş etdirəcək” – Qüdrət Həsənquliyev

Prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsini (BAXCP) sədri Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Globalinfo.az həmin müsahibəni təqdim edirik:

– Qüdrət bəy, seçki kampaniyası sona yaxınlaşır, bəlli qruplar seçkini gözdən salmaq üçün əldən-ayaqdan gedir, seçkilərin baş tutmaması üçün hər nə desən edirlər, onların seçicilərə təsir imkanları varmı?

– İstər Bakıdan göndərilmiş saqqalı ağarmış şeytanlar olsun, istər Qərbdəki ermənipərəst dairələrin sığınacaq verib bəslədiyi və Azərbaycana qarşı işlətdiyi milli satqınlar, istər həmin dairələrin ölkəmizdəki ifşa olunmiş əlaltıları, fərq etməz, onlar heç nədirlər.

Bizim onlar haqqında nəsə deməyimizə ehtiyac yoxdur. Onlar bir-birinin kim olduğunu bilirlər və zaman-zaman bu barədə danışırlar. Sizləri əmin edirəm ki, bir-biriləri haqqında yaydıqları ifşaedici məlumatlar 99.99% doğrudur. Ona görə bu bəduğur, savadsız, ilk imkanda düşmənlərin qucağına girmiş satqınlar yalnız özləri kimilərə təsir edə bilər. Xalqımız səsverməyə gələcək, xalqımıza və dövlətimizə qarşı düşmənçilik edənlərlə bir sırada dayanmadığını nümayiş etdirəcəkdir. Bunun əksi torpaqlarımız uğrunda həyatını qurban vermiş şəhidlərimizin ruhuna xəyanət olardı. Hamımız bilirik ki, Qərb institutlarının hay-küyü ermənilərə görədir. Kimsə arzuladığı namizədi görmürsə və namizədlərdən heç kim onu qane etmirsə, bütün namizədlərin əleyhinə səs verə bilər.

– Siz təbliğat kampaniyanızın gedişindən razısınızmı? Qanun pozuntuları ilə üzləşirsinizmi?

– Heç bir qanun pozuntusu ilə üzləşməmişik, ümid edirik seçki günü də üzləşmərik. Təbliğat kampaniyası dövründə seçki platformamı xalqa çatdırmaq üçün çoxlu görüşlər keçirmişik, internet resuslardan, medianın imkanlarından geniş istifadə etmişik. Ümid edirəm xalqımız böyük dəyişikliklərə səs verəcək, dövlət hakimiyyətinin inkişafa yol açacaq fərqli qaydada formalaşdırılması və özünün idarəetmədə iştirakı məsuliyyətini öz üzərinə götürməkdən çəkinməyəcəkdir. Ədalət, hüquq, demokratiya əsas milli hədəfimiz olmalıdır. Övladlarımıza, gələcək nəsillərə korrupsiyasız, qanunların aliliyinin təmin edildiyi, ədalətli cəmiyyət qoyub getməliyik.