Moskva Ermənistanı Avropa İttifaqı ilə yaxınlaşmanın riskləri barədə xəbərdar edib. Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının mümkün risklərini dərk edəcəyinə ümid bəsləyir. Moskva hesab edir ki, bu istiqamətdə atılan addımların regional və siyasi nəticələri nəzərə alınmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko XIX Verona Avrasiya İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv olmaq istəyən və ya namizəd statusu əldə edən ölkələr müxtəlif təzyiqlərlə üzləşirlər.
Qruşko iddia edib ki, həmin dövlətlərdən müstəqil qərarvermə imkanlarından imtina etmək, Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə qoşulmaq, eləcə də qurumun bəyanatlarını dəstəkləmək tələb olunur.
Diplomat bildirib ki, Avropa İttifaqının bəyanatlarının təxminən 80 faizi Rusiya ilə bağlıdır. Onun fikrincə, bu səbəbdən Aİ ilə yaxınlaşmanın yarada biləcəyi riskləri görməmək mümkün deyil.
Qruşko Rusiyanın dövlətlərin öz siyasi seçimlərinə hörmətlə yanaşdığını vurğulasa da, həmin ölkələrin rəhbərlərinin seçdikləri kursun nəticələrini dərk edəcəklərinə ümid bəslədiyini bildirib.
O, Cənubi Qafqazın regional əlaqələrdən təcrid edilən məkan olmadığını diqqətə çatdırıb. Nazir müavininin sözlərinə görə, bölgədə tarixi ikitərəfli münasibətlər və dövlətləri birləşdirən çoxsaylı layihələr mövcuddur.
Qruşko həmçinin qeyd edib ki, regiondan kənar ölkələrin təsiri nə qədər az olsa, vəziyyət bir o qədər sabit qalar.
Əliyar Xəlil