1674636276 untitled 31

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibənin dayandırılması üçün cəbhə xəttinin hazırkı mövqelərdə dondurulmasını mümkün variant kimi nəzərdən keçirdiyi bildirilir.

Bu, Zelenskinin bəzi ərazilərin Rusiyanın nəzarətində qalmasına ilkin razılıq verməsi kimi dəyərləndirilir. Lakin Ukrayna prezidenti yenə də Donbasın Rusiyaya verilməsinə qarşı çıxır və Kiyevin təhlükəsizlik zəmanətləri almasının vacibliyini vurğulayır.

Bu, Ukraynanın məğlubiyyəti, Rusiyanın qələbəsi sayıla bilər? Ukrayna xalqı belə bir vəziyyətə razı olacaq? Qərb Rusiya Prezidenti Vladimir Putini bu “Pirr qələbəsi” ilə tələyə salmaq istəyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Ukraynanın hazırkı vəziyyətdə birbaşa kapitulyasiyaya getməsi gözlənilmir:

“Lakin kapitulyasiyaya yaxın şərtləri ehtiva edən bir sənədə imza atması mümkündür. Zelenski artıq müəyyən mənada hərbi və siyasi reallıqlarla barışmaq məcburiyyətində qalıb. Biz hələ müharibənin ilk mərhələsində, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu başlayanda demişdik ki, Qərb dünyası sonunda Ukraynanı meydanda tək buraxacaq. Bunun nümunələri əvvəllər də mövcud idi. Gürcüstan təcrübəsi, eləcə də 2014-cü ildə Ukraynada baş verənlər Qərbin təhlükəsizlik təminatlarının hansı həddə qədər etibarlı olduğunu göstərirdi. Təəssüf ki, Kiyevdəki hakimiyyət bu reallıqları lazımi səviyyədə nəzərə almadı və Rusiya ilə qarşıdurmanın nəticələrini düzgün qiymətləndirə bilmədi. Bu gün ortaya çıxan mənzərə də müəyyən mənada həmin yanlış hesablamaların nəticəsidir.

Ərazi məsələsinə gəldikdə, Ukrayna müharibədən əvvəl beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinə yaxın hissəsinə nəzarəti itirmişdi. Sonrakı proseslərdə Rusiyanın işğal etdiyi ərazilərin həcmi dəyişib. Hazırda Moskvanın əsas tələblərindən biri Donbasın tamamilə Rusiyanın nəzarətinə verilməsidir. Ukraynanın isə Donbasın hələ nəzarətində qalan hissəsini qorumağa çalışmasının həm hərbi, həm də siyasi səbəbləri var. Kiyev həmin əraziləri əlində saxlamaqla gələcəkdə Donbas üzərində öz suverenlik iddiasını davam etdirmək istəyir. Bu baxımdan, ərazi məsələsi sadəcə torpaq mübahisəsi deyil, həm də Ukraynanın gələcək dövlətçiliyi və danışıqlardakı mövqeyi ilə bağlıdır.

Ancaq hesab edirəm ki, Kreml Donbasın bir hissəsinin Ukraynanın nəzarətində qalması ilə kifayətlənməyə bilər. Putin bütün Donbas üzərində nəzarəti əldə etməyə çalışır və Moskvanın bu tələbdən geri çəkilməsi asan görünmür. Rusiya hərbi və diplomatik üstünlüyünü qoruyub saxlaya bilsə, qarşıya qoyduğu məqsədlərin bir qisminə nail olması ehtimalı da artacaq. Bununla belə, Donbasın tamamilə Rusiyaya veriləcəyini əvvəlcədən qəti nəticə kimi təqdim etmək düzgün olmazdı. Burada həlledici amillərdən biri cəbhədəki vəziyyət, digəri isə ABŞ və Avropanın danışıqlarda hansı mövqeni tutacağıdır”.

Cavansir
Cavanşir Abbaslı

Siyasi şərhçi bildirib ki, Ukrayna böyük bir bataqlığa sürüklənib, müharibənin uzanması ölkənin siyasi, iqtisadi və demoqrafik itkilərini daha da artırır:

“Münaqişənin əvvəlində Qərbin Ukraynaya verdiyi dəstək Kiyevdə qələbəyə dair gözləntiləri gücləndirmişdi. Lakin indi Qərb dövlətlərinin öz maraqlarını ön plana çəkməsi və müharibənin başa çatdırılması üçün Moskva ilə danışıqlara üstünlük verməsi ehtimalı daha çox müzakirə olunur. Mənim qənaətimə görə, Qərb Ukrayna cəbhəsində öz geosiyasi məqsədlərinin müəyyən hissəsinə nail olduqdan sonra Kiyevi əvvəlki səviyyədə dəstəkləməkdə maraqlı olmayacaq. Bu isə Ukraynanın öz müttəfiqlərinin strateji hesablamalarında ikinci plana keçməsi riskini yaradır.

Burada əsas söz sahibi, şübhəsiz ki, ABŞ-dır. Vaşinqtonun Rusiya ilə münasibətləri normallaşdırmağa yönələn addımları müharibənin gələcək taleyinə birbaşa təsir göstərə bilər. Zelenski də anlayır ki, ABŞ-ın mövqeyində baş verəcək dəyişiklik Ukraynanın danışıqlardakı imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Rusiya rəhbərliyinin beynəlxalq diplomatik platformalara dəvət olunması da Moskvanın təcriddən çıxması baxımından əhəmiyyət daşıyır. Belə bir şəraitdə Avropa ölkələrinin də Rusiya ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qalması mümkündür.

Enerji məsələsi də bu prosesin mühüm tərəflərindən biridir. Bununla belə, enerji təhlükəsizliyi, sənaye maraqları və iqtisadi itkilər Avropa dövlətlərini Moskva ilə münasibətlərdə daha praqmatik siyasət yürütməyə sövq edə bilər.

Ukrayna müharibəsi bir daha göstərir ki, beynəlxalq münasibətlərdə dövlətlərin maraqları çox vaxt bəyan edilən prinsiplərdən üstün tutulur. Qərb Ukraynanın ərazi bütövlüyünü və təhlükəsizliyini dəstəklədiyini bəyan etsə də, sülh danışıqları zamanı Kiyevin hansı güzəştlərə məcbur qalacağı əsas suallardan biridir. Əgər müharibənin sonu Ukraynanın ərazi itkilərini qəbul etməsi və Rusiyanın əsas tələblərinin əhəmiyyətli hissəsinin reallaşması ilə nəticələnsə, bu, Qərbin müttəfiqlərinə verdiyi siyasi təminatların etibarlılığı barədə ciddi suallar doğuracaq. Ən böyük zərbəni isə öz torpaqlarını, insanlarını və gələcəyini itirən Ukrayna alacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: