Fəzail Ağamalı: “Bir onu deyə bilərəm ki, biz prosesin başlanğıcındayıq”

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Globalinfo.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Fəzail bəy, artıq 2023-cü ildir. Hökumət ötən ilin noyabr ayında xüsusi antikorrupsiya əməliyyatı keçirdi. Amma sonra bunun daha çox siyasi məsələ olduğu ortaya çıxdı və bu, Vasif Talıbovla bərabər ona yaxın şəxslərin istefası ilə yekunlaşdı. Sizcə, bu məsələ yekunlaşdımı? Ümumiyyətlə, Vasif Talıbovdan sonrakı Vasif Talıbov kim olacaq?

– Bəli, 2022-ci ilin son aylarında ölkə miqyasında çox ciddi rezonans doğuran bir hadisə yaşandı. Baş vermiş hadisələr və Vasif Talıbov ətrafında gedən proseslər təəssüf doğurur. Hesab edirəm ki, bu belə olmalı deyildi. Çünki ona həm ulu öndər Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev tərəfindən böyük etimad göstərilmişdi. Gərək, o etimadı, o inamı Talıbov ən yüksək səviyyədə dəyərləndirib, öz fəaliyyətini ona uyğun qurardı.

Hər kəsə bəllidir ki, ölkə başçısı 2018-ci ildə yenidən prezident seçildikdən sonra bütün istiqamətlərdə geniş və dərin, həm də sistemli xarakter daşıyan islahatlara start verdi. Bu islahatlara uyğun olaraq hər bir məmur, məsuliyyətli şəxs nəticə çıxarmalıdır. Amma əfsus ki, nəticə çıxarmayanlar çox oldu. Həmin məmurların da əksəriyyəti kreslosunu itirdi və həbs olundu. İndi də öz xoşagəlməz həyatlarını yaşayırlar. Vasif Talıbov həmin hadisələrdən nəticə çıxarıb öz fəaliyyətində dönüş yaratmalı idi.

Hələ də proseslər davam edir. Öncədən hər hansı bir proqnoz verə bilmərəm. Amma bir onu deyə bilərəm ki, biz prosesin başlanğıcındayıq. Sadəcə, sonunu gözləmək lazımdır.

– Vasif Talıbov hansı siyasi günaha batdı ki, dövlət ona ən sərt üzünü göstərməyə məcbur qaldı?

– Bu haqda dəqiq bir söz deyə bilmərəm. O mənim tələbəm olsa da, onunla heç vaxt yaxın ünsiyyətim olmayıb. Kifayət qədər ciddi istintaq gedir. Bu məsələni araşdıran qurumların cavabını gözləməyimiz daha doğru olar.

– Bildiyimizə görə sizin Vasif Talıbovdan başqa da məşhur, ictimai siyasi mühitə təmsil olunan tələbələriniz var. Onlar kimlərdir?

– Mənim minlərlə tələbələrim olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim olaraq çalışırdım. 1973-cü ildən 90-cı illərin əvvəllərinə qədər mütəmadi olaraq auditoriyada olmuşam. Sonra yenə də, yarımştatla Azərbaycan Dövlət İqtisad Universitetində dərs demişəm. İşlərimin çoxluğu ilə bağlı ora ilə vidalaşmışam.

Hər qrupda olduğu kimi, mənim də qrupumda da zəifi, yaxşısı və əlaçısı tələbələr olub. Dərs dediyim tələbələr arasında general-leytenanta qədər yüksələn şəxslər var. Məsələn, bu yaxınlarda Daxili İşlər Nazirliyinin (DİN) müavini, yaşı ilə bağlı təqaüdə göndərilən Oruc Zalov mənim tələbəm olub. Çoxsaylı tələbələrim arasında polkovnik, general rütbəsinə qədər yüksələn var. Onların da əksəriyyəti bu gün təqaüddədir, digərlərindən xəbərim yoxdur.

Tələbələrim arasında alim də var. Millət vəkili Azər Badamov da Azərbaycan Dövlət İqtisad Universitetində mənim tələbəm olub. Bu cür tələbələrim çoxdur. Ən əsası ondadır ki, harada dərs demişəmsə, bizim bir-birimizə yüksək müəllim-tələbə münasibətlərimiz olub. Bu gün də hardasa görüşəndə çox xoş münasibətimiz yaranır, keçmiş günləri xatırlayıb deyib-gülürük.

Zaira Akifqızı
Globalinfo.az