7e89acea 2345 41e6 a6a3 b909d8a534ba

22 oktyabr 2026 -cı il tarixində Bakı şəhərində III İslam Maliyyə Forumu – IMF’26 keçirilib.

Globalinfo.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Müqəddəs Qurani-Kərimin oxunuşu ilə başlayıb.

Tədbirdə İslam maliyyəsinin inkişafı, İslam bankçılığı, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi, həmçinin bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.

Tədbirin açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı, millət vəkili Ceyhun Məmmədov, PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev, Türkiyə Cumhurbaşkanlığı Ekonomi Politikaları Kurulunun sədr müavini, İstanbul Zaim Universitetinin müəllimi Prof. Dr. Servet Bayındır, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, i.f.d Ruslan Atakişiyev və Türkiyə Cumhurbaşkanlığı Yatırım ve Finans Ofisinin Katılım Finans Birliyinin nümayəndəsi Ömer Faruk Özoğul çıxış ediblər.

Forum çərçivəsində üç sessiya keçirilib.

Birinci sessiyada “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü” mövzusu müzakirə olunub. Sessiyada Azərbaycanda İslam maliyyə məhsullarının tətbiqi üzrə requlyativ dəyişikliklər və yeniliklər, İslam maliyyəsində forma və mahiyyət uyğunluğu, eləcə də Azərbaycanda tətbiq olunan İslam bankçılığı məhsulları barədə təqdimatlar edilib.

İkinci sessiya “İslam maliyyəsinin Sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları” mövzusuna həsr olunub. Burada Azərbaycanda İslam qiymətli kağızlar bazarının inkişaf perspektivləri, Sukuk və digər məhsullar vasitəsilə beynəlxalq kapital bazarlarına çıxış imkanları, habelə Həcc yığımlarının idarə edilməsi ilə bağlı dünya təcrübəsi və fiqhi mülahizələr nəzərdən keçirilib.

Forumun üçüncü sessiyası “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” mövzusuna həsr olunub və AAOIFI təqdimatı ilə keçirilib. Sessiyada Azərbaycanda İslam maliyyəsinin tədrisinin mövcud vəziyyəti və inkişaf perspektivləri, İslam maliyyəsində insan kapitalının inkişafı və beynəlxalq sertifikasiya, həmçinin İslam maliyyə savadlılığında dövlət-akademiya əməkdaşlığı məsələləri müzakirə edilib.

Qeyd edək ki,  Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Fond Birjası, Azərbaycan Banklar Assosiasiyası (ABA),Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı Yatırım ve Finans Ofisi, İslam Maliyyə Təşkilatları üzrə Mühasibatlıq və Audit Təşkilatının (AAOIFI), Türkiye Katılım Bankalar Birliyi (TKBB), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Kapital Bazarları Assosiasiyası(AKBA), Azərbaycan Fintex Assosiasiyası     (AzFina), Azərbaycan Mikro Maliyyələşmə Assosiasiyası (AMFA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın birgə tərəfdaşlığı ilə təşkil olunub.

Forumun sonunda iştirakçılara sertifikatlar, təltifnamələr və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, III İslam Maliyyə Forumu – IMF’26 İslam maliyyəsi sahəsində dövlət qurumları, maliyyə sektoru, akademik dairələr və digər maraqlı tərəflər arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

69da131e 7022 4bc8 b09a d2174d64c14b 6e41ea63 730b 4eaa b9a2 a71ee463e2fb

Paylaş: