HƏMAS Şimali Koreya silahlarından istifadə edirmiş – FOTO

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Pxenyanın silah alqı-satqısını dəfələrlə təkzib etməsinə baxmayaraq, HƏMAS-ın Şimali Koreya istehsalı silahlardan istifadə etdiyinə dair şübhələri təsdiqləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Şimali Koreyanın raket hissəsinin yeni fotosunu yayımlayan Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti “Amerikanın Səsi”nin (VoA) HƏMAS-ın Şimali Koreyada istehsal olunan F-7 reaktiv yaylım atəşi sistemindən istifadə etdiyi barədə xəbəri təsdiqləyib.

Kəşfiyyat Xidməti Şimali Koreya istehsalı olan F-7-nin hissələrinin fotosunu təqdim edib.

Kəşfiyyat Xidməti həmçinin bildirib ki, Şimali Koreyanın HƏMAS-a silah tədarükü ilə bağlı detalları – tədarükün həcmi və tarixləri ilə bağlı təfərrüatlı sübutlar toplayırlar. “İnformasiya mənbələrinin qorunması zərurəti və diplomatik əlaqələri nəzərə alaraq bu cür sübutları təqdim etmək hazırda çətindir”, – Milli Kəşfiyyat Xidməti bildirib.

Qeyd edək ki, Pxenyan HƏMAS-ın İsrailə qarşı hücumlarda Şimali Koreya silahlarından istifadə etməsi ilə bağlı fərziyyələri “əsassız” adlandırıb.

HAMAS-ın Şimali Koreya istehsalı silahlardan istifadə etdiyinə dair xəbər təsdiqlənib