HƏMAS 5 günlük atəşkəs haqqında danışıq aparmaq istəyir

HƏMAS təşkilatı 5 günlük atəşkəsin elan edilməsində maraqlıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, təşkilat Qəzza zolağında saxlanılan 100 girov müqabilində tərəfdarlarının İsrail həbsxanalarından azad edilməsini tələb edir. İsrail isə beynəlxalq qurumların nəzarəti altında bir neçə saatlıq atəşkəs elan edilməsinə hazır olduğunu bildirib.

***20:50

İsrail Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə apardığı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin geri qaytarılması müqabilində atəşkəs rejimi elan olunmasını təklif edib, lakin təklif rədd edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Bundan əlavə, telekanalın mənbələrinin iddialarına görə, HƏMAS Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların aparılması üçün şərt kimi uzunmüddətli atəşkəs tələb edib. İsrail hakimiyyəti də atəşkəs tələbini rədd edib.