Həkəri təxribatının qaranlıq tərəfləri – İrəvanın əsas planı

İyunun 15-də Laçın postunda baş verən təxribatlardan sonra yol boyunca bütün növ hərəkət dayandırılıb. İrəvanın təxribatlara görə məsuliyyəti öz üzərinə götürməyənə qədər dəhlizin bağlı qalacağı bildirilir.

Amma bəzi erməni KİV-ləri iddia edir ki, Paşinyan bu təxribatları məhz yolun bağlanması üçün planlaşdırıb və döyüş əmri verib. Məqsəd isə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunun ermənilərə qəbul etdirilməsidir.

Baş verən təxribatlar fonunda və sülh prosesinin gedişatında yolun bağlanmasını necə dəyərləndirmək olar? Bu, Ermənistanla danışıqlara, Qarabağın erməni sakinləri ilə təmaslara necə təsir göstərə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşən Məcidov Həkəri körpüsündə baş verən atışmanın detallarından söz açıb:

“Bir neçə gün öncə Azərbaycan Laçın yolunda təxribatın baş verdiyi Həkəri körpüsündə öz bayrağını yerləşdirmişdi. Amma ermənilər bayrağımıza atəş açaraq onu yararsız hala salmışdılar. Ona görə də hərbçilər bir daha həmin yerdə Azərbaycan bayrağını rus sülhməramlıların müşayiəti ilə yerləşdirməyi planlayıblar. Bu dəfə də qarşı tərəfdən atəş açılması hərbi toqquşma ilə nəticələnib. Məsələ ilə bağlı vacib məqam ondan ibarətdir ki, Həkəri körpüsünün hər iki tərəfi də Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi daxilindədir. Bunu hətta “Google Map”də də yoxlamaq mümkündür”.

Politoloq təxribatların arxasında Fransa və Rusiyanın olması iddialarına aydınlıq gətirib:

“Tarixinə diqqət yetirdikdə görürük ki, bu toqquşma Fransa xarici işlər naziri Ketrin Kolonnanın Laçın yolu ilə bağlı verdiyi bəyanat və Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatlarından dərhal sonra baş verib. Məlumdur ki, Qarabağda yaşayan ermənilərin Ermənistana köç etməsi Rusiyaya sərf etmir. Digər tərəfdən isə Fransa münasibətlərin normallaşması ilə bağlı proseslərdə birtərəfli yanaşma sərgiləyir, yəni açıq şəkildə Ermənistana dəstək verir. Hətta yaxın zamanda ermənilərə silah, sursat və hərbi texnika satmaqla bağlı qərar da qəbul ediblər. Əgər sülh sazişinin imzalanması prosesində tərəflərdən birinə silah satışı həyata keçirilirsə, bu, mütləq istənilən şəkildə legitimləşdirilməlidir. Ona görə də baş verən təxribat həm Rusiyanın, həm də Fransanın maraqlarına cavab verir”.

E.Məcidov bildirib ki, məsələnin pərdəarxası, əslində, başqadır, Ermənistanın burada konkret məqsədi var:

“Bu, ermənilərin təxribatı Parisdən, yaxud Moskvadan gələn zəng vasitəsilə həyata keçirməsi demək deyil. Ermənistan özü bu təxribatın arxasında dayanır. İrəvan Bakı ilə Xankəndi arasında dialoqun beynəlxalq mexanizmin müşayiəti ilə həyata keçirilməsinin tərəfdarıdır. Azərbaycan isə öz ərazisi daxilində hər hansı beynəlxalq mexanizmin mövcudluğuna razı deyil. İrəvan bu məsələdə öz məqsədinə nail olmaq üçün ermənilərin Qarabağdan köçünün qarşısını almağa məcbur idi. Amma bunu bacarmırlar, çünki insanlar orada qalmaq istəmirlər. Əksəriyyət Ermənistana kömək niyyətindədir, çox az bir qisim Azərbaycan vətəndaşlığını qəbul etməyə razıdır.

Əgər ermənilər Qarabağı tərk etsələr, o zaman Bakı və Xankəndi arasında dialoqun məsələsi, yaxud bunun beynəlxalq mexanizm çərçivəsində tənzimlənməsi aktuallığını itirəcək. Məsələn, orada 5-10 min insan qalarsa, hansı beynəlxalq mexanizmin təmin edilməsindən söhbət gedə bilər? Azərbaycanda bu sayda bir çox etnik azlıqlar var. Onların hər biri ilə dialoq üçün mexanizm tələb olunur? Nəticə olaraq bu təxribatların, ermənilərin Qarabağdan köçünün qarşısını almaq məqsədilə İrəvanın planına əsasən həyata keçirilib”.

Ayşən Mustafa
Globalinfo.az