Türkiyədə həbsdə olan Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirtaşla bağlı yayılan görüntü müzakirələrə səbəb olub.
Belə ki, məşhur onlayn alış-veriş platforması olan “Trendyol”da çıxan reklamlardan birində onun fotosu paylaşılıb. Fotonun üzərində “Onurlu yaşam davası, Demirtaşın savunması” şüarı yazılıb.
Paylaşım ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, “Facebook” və digər sosial platformalarda qarşımıza çıxan saxta reklam bildirişləri əsasən fırıldaqçılar və ya kiberhücumçular tərəfindən yaradılır.
O, bunun oğurluq məqsədilə edildiyini bildirib:
Elvin Həsənov
“Bu reklamlara hədəflənmiş “reklamlar” vasitəsilə daha geniş kütləyə çatmaq və ya şəxsi məlumatları oğurlamaq məqsədi ilə sosial platformalar üzərindən zərərli linklər paylaşırlar. Aldatma metodu üçün isə fırıldaqçılar saxta məhsul və ya xidmətləri reklam edən fişinq hücumları ilə istifadəçilərin parollarını, bank kartı məlumatlarını və ya digər həssas məlumatları oğurlamaq üçün etibarsız hesablardan istifadə edirlər. Bunun üçün insanlarımız həddindən artıq cəlbedici olan reklamları diqqətlə incələməli və təklif edilən məhsul və ya xidmət haqqında əlavə məlumat toplamalıdırlar”.
Mütəxəssis deyib ki, insanlar qarşılarına çıxan linklərə daxil olmamalıdırlar:
“Ümumiyyətlə, Facebook və digər sosial platformalarda saxta və şübhəli reklamları bildirmək funksiyasından istifadə etmək, reklamlarda göstərilən linklər əvəzinə, həqiqi rəsmi veb saytlardan və etibarlı mənbələrdən alış-veriş etməmək lazımdır. Eləcə də heç bir halda şəxsi maliyyə məlumatlarını şübhəli və tanımadığı saytlara və reklamlara daxil etməməlidirlər”.
Qeyd edək ki, Səlahəddin Dəmirtaş Türkiyə dövlətinin birliyini və bütövlüyünü pozmağa cəhdə görə 20 il, cinayətə təhrik etdiyinə görə isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Dəmirtaş Türkiyədə terrorçu fəaliyyət göstərən PKK ilə sıx əlaqədə olub. O, terror təşkilatını açıq şəkildə müdafiə və təbliğ edib.
Zaira Akifqızı
Globalinfo.az