“Hazırkı siyasi şounun əsas səbəbi budur” – Səməd Seyidov Laçın postundakı prosesləri dəyərləndirdi

Globalinfo.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni təqdim edir:

– Səməd bəy, Ermənistan hökumətinin Qarabağa çatdırılması qərarını qəbul etdiyi 400 ton “humanitar yardım” yüklənmiş TIR-lar Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir. Faktiki olaraq Ermənistanın növbəti şousu ilə üz-üzəyik. Rəsmi Bakı hansı addımları atmalıdır?

– Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Qeyd edilən yol humanitar yüklərin daşınması üçün bütün normativ və standartlara uyğundur.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Brüsseldə üçtərəfli görüşdən sonra verdiyi bəyanatı xatırlatmaq istərdim. Burada o, Prezident İlham Əliyevin Qarabağa Ağdam vasitəsilə humanitar yardım göndərməyə hazır olmasını alqışladığın bildirmişdi. Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsi ilə humanitar yardımların Xankəndiyə çatdırılmasına icazə verməsi, Şarl Mişelin Brüsseldə üçtərəfli görüşdən sonra bu məsələni dəstəkləməsi hazırkı siyasi şounun əsas səbəbidir.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel

– Sizcə, Ermənistan Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan keçməklə humanitar yardımların Xankəndiyə çatdırılmasına razı olacaq?

– Ermənistan tərəfi iddia edir ki, Azərbaycan humanitar yardımların Xankəndiyə çatdırılmasına mane olur. Axı belə bir şey yoxdur. Mane olsa idik hər halda Ağdam-Xankəndi yolunu təklif etməzdik.

Ermənistan bu məsələdə özü beynəlxalq hüququn qaydalarını pozur. Heç bir ölkə, heç bir qurum başqa ölkənin ərazisindən qanunsuz daşınmaları aparılmasına icazə verməz. Heç muxtar respublika statusunu daşıyan subyektlər belə buna icazə vermir.

Ermənistan açıq şəkildə ənənəvi xisləti çərçivəsində məsələni olduğundan fərqli göstərir, şişirdir və dünya ictimaiyyətinin diqqətini regiona çəkməyə çalışır. Lakin bütün bunlar faydasızdı. Rəsmi İrəvan gec-tez Azərbaycanın təklifi ilə razılaşmalı olacaq.

– Qeyd etdiniz ki, Azərbaycan tərəfi geri addım atmayacaq. Lakin Qərb ölkələri hazırda bu məsələdə Ermənistana ciddi şəkildə dəstək verir. Qərb Azərbaycana sanksiyalar tətbiq edə bilərmi?

– Sanksiya o vaxt tətbiq oluna bilər ki, hansısa bir tərəf beynəlxalq qanunu pozsun. Misal üçün, biz 30 ilə yaxın bir müddətdə Ermənistana sanksiyaların tətbiq edilməsin tələb etdirdik. Ona görə ki, rəsmi İrəvan torpaqlarımızın 20 faizini işğal etmiş və qanunsuz şəkildə istədiyi kimi istismar edirdi. Bununla beynəlxalq qanunları tam şəkildə pozmuşdu.

Baxın, bu gün Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ona görə ki, rəsmi Moskva Ukraynanın suveren torpaqlarını işğal edib. Bu və bu kimi hallar Qərbin sanksiya tətbiq etməsi üçün əsaslı arqument ola bilər.

Azərbaycan hər zaman münaqişələrə bir prinsiplə baxıb. Bu, ərazi bütövlüyünün beynəlxalq hüquq tərəfindən qəbul edilmiş sərhədlər və qanunlar çərçivəsində həll edilməsi prinsipidir.

Azərbaycan nə bu gün, nə də keçmişdə heç bir beynəlxalq hüququ pozmayıb. Əksinə, öz hüquqları kobud şəkildə pozulub və bu gün bizi sanksiyalar ilə hədələyən ölkələr buna səssiz qalıb.

– Səməd bəy, mövcud vəziyyət yeni müharibəyə səbəb ola bilərmi?

– Təəssüf ki, bu gün regionda sülh və sabitliyin olmasını istəməyən konkret qüvvələr var. Onlar mütəmadi olaraq gərginliyin aktiv qalmasında maraqlıdır. Belə olacağı təqdirdə regiona müdaxilə imkanları da artmış olur. Baxın, bu gün Ermənistana dəstək verən ölkələr sözün əsl mənasında canfəşanlıq edir. Bu bir daha onların regional maraqlarının göstəricisidir.

Bu qüvvələr öz maraqları çərçivəsində regionda yeni toqquşma və ya müharibə olsun istəmir. Bu versiya da onlar üçün məqbul deyil. Onların istədiyi xaos yaratmaqdır. Xaos olan yerdə nizama ehtiyac var. Və diqqət etsəniz, nizam yaratmaq üçün hər zaman qarşımıza eyni ölkələr çıxır.

Turan Rzayev
Globalinfo.az