Türk aktyor Ancelina Coli ilə çəkildiyi filmdən nə qədər qazanacaq?

Türkiyənin məşhur aktyoru Haluk Bilginerin dünyaşöhrətli aktrisa Ancelina Coli ilə çəkildiyi filmdən nə qədər qazanacağı məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rejissor Pablo Larreynin çəkdiyi “Mariya” filmində baş rollardan birini – yunanıstanlı iş adamı, milyarder Aristotel Onassisi canlandırmalı olan Haluk bu obraz üçün 800 min dollar (22 milyon TL) alacaq.

Məlumata görə, artıq filmin çəkilişlərinə başlanılıb.

Filmin çəkilişləri səkkiz həftə ərzində Paris, Yunanıstan, Budapeşt və Milanda baş tutacaq. Ekran işindən iki foto da yayımlanıb. Fotolar filmdə Mariya obrazını canlandıran Colinindir.

Qeyd edək ki, yunanəsilli amerikalı opera müğənnisi Mariya Kallasın həyatından bəhs edən filmin ssenarisini “Peaky Blinders” serialı ilə də tanınan Stiven Nayt yazıb.

Filmdə Mariyanın 1970-ci illərdə Parisdəki həyatından söz açılır. Aristotel Onassis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi ilə evlənmək üçün (1968-1975-ci illər) Mariya Kallasdan ayrılır. Bu xəyanətdən sonra Kallas İtaliyaya, sonra isə Fransaya köçür. Onassisin münasibətləri boyunca Kallasa qarşı kobud və zorakılıq etdiyi də gündəmə gətirilib.

Aristotel Onassis 1975-ci ilin martında 69 yaşında tənəffüs çatışmazlığından, Mariya Kallas isə 1977-ci ildə 52 yaşında ürəktutmadan vəfat edib.