
Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***11:23
Hacıqabulda baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
***11:13
Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.
Hadisə nəticəsində 5 nəfər şəxs – 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs – 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.
Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.
Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
***10:48
Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***08:57
Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.