Gürcüstan “Berlin divarı” hörür: Tbilisinin Bakı ilə təhlükəli rəqsi…

Gürcüstanın Fransadan göndərilən silahların Poti limanında keçərək Ermənistana çatdırılmasına icazə verməsi regionun siyasi arenasında ciddi müzakirələrə səbəb olub.

Tbilisinin oktyabrın 23-də Tehranda 3+3 formatı üzrə keçirilən görüşdə iştirakdan imtina etməsi, daha sonra Avropa İttifaqına üzvlüyü mövzusunda müzakirələrin güclənməsi fonunda bu addımı atması diqqət çəkib. Regionun əsas ölkələrindən olan Gürcüstan burada maraqları toqquşan qonşu dövlətlərlə, xüsusən Rusiya ilə arasındakı münasibətlərə baxış keçirməkdən kəskin şəkildə üz çevirib. Bu, ölkə rəsmilərinin açıqlamalarında da aydın şəkildə bəyan edildi. Tbilisinin olduğu Cənubi Qafqazdan daha çox Avropa ölkələri ilə əlaqələrə önəm verməsi müzakirə mövzusuna çevrilib.

Bəs hazırkı vəziyyətdə 3+3 formatı regionla əlaqəli proseslərə necə təsir göstərə bilər? Gürcüstanın bu platforma çərçivəsində keçirilən növbəti görüşə qatıla bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bu formatın mövcud şəraitdə effektivliyini dəyərləndirib:

“Ümumiyyətlə, 3+3 formatının işləməsi üçün Cənubi Qafqaz ölkələri arasında inteqrasiya inkişaf etməli, həmçinin regionda maraqları olan böyük qonşu dövlətlər – Türkiyə, Rusiya və İranın maraqlarının münaqişəsi ortadan qaldırılmalıdır. Bunun üçün regiona sülhün gəlməsi vacibdir. Ermənistanın Azərbaycanla arasında sülh müqaviləsi imzalanmayıb, Türkiyə ilə münasibətləri normallaşmayıb, işğalçı rus qoşunları Gürcüstandan çıxarılmayıb, Tbilisi-Moskva münasibətləri qaydasına düşməyib. Belə vəziyyətdə 3+3 formatının effektiv işləməsi mümkün deyil”.


Sülhəddin Əkbər

S.Əkbər ümumiyyətlə formatın 5 ölkənin iştirakı ilə həyata keçirilməsində də problemlərin olduğunu deyib:

“İndiki halda Gürcüstan bu prosesdən kənardadır. Rusiyanın bu ölkənin torpaqlarının bir hissəsini işğal etməsi iki dövlət arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olur. Ona görə də bu format tam olaraq həyata keçirilə bilmir. Lakin 3+2 şəklində təşkilində də müəyyən problemlər var. Qeyd etdiyim kimi bunun başlıca səbəbi İrəvanın Bakı və Türkiyə ilə yaşadığı süni problemlərdir. Bu problemlər həll olunmadığı müddətdə, görüşün harada keçirilməsindən asılı olmayaraq onun məhsuldar nəticə verməsi mümkün deyil. Sadəcə düşünək, hələ ki, Ermənistanın Türkiyə və Azərbaycanla arasında əlaqə yoxdur. İrəvanın iki qonşusu ilə münasibəti yaxşı deyil.

Paralel olaraq Rusiya və Gürcüstan münasibətləri də nəzərə alındıqda, faktiki şəkildə 3+3 formatının produktiv işləməsi qeyri-mümkündür. Sözügedən format qismən çalışacaq, əsasən siyasi-diplomatik əhəmiyyət daşıyacaq. Həm Cənubi Qafqaz ölkələri arasında, həm də onlarla regionda marağı olan ənənəvi oyunçular arasında münasibətlərin yumşalması üçün bir platforma rolunu oynayacaq. Yəni bu formata hələ ki, münasibətlərin yumşalması üçün siyasi-diplomatik bir platforma kimi baxmaq daha düzgün olar”.

Qeyd edək ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az