Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər.
Autoimmun xəstəlikləri nədir? Qarşısını necə almaq olar?
Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, bu, immun sisteminin səhvən orqanizmin öz sağlam hüceyrə və toxumalarını yad cisim kimi qəbul edib onlara hücum etməsi nəticəsində yaranan xəstəliklərdir:
“Normalda immun sistemi virus və bakteriyalara qarşı mübarizə aparır, lakin bu xəstəliklərdə həmin müdafiə mexanizmi pozulur. Nəticədə oynaqlar, dəri, qalxanabənzər vəzi, bağırsaqlar, sinir sistemi və digər orqanlar zədələnə bilər. Autoimmun xəstəliklərə revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi, Haşimoto tireoiditi, 1-ci tip şəkərli diabet və dağınıq skleroz (MS) daxildir. Bu xəstəliklərin yaranmasında genetik meyillilik, virus infeksiyaları, siqaret, bəzi ətraf mühit amilləri və hormonal dəyişikliklər rol oynayır”.
Terapevt bildirib ki, hazırda autoimmun xəstəliklərin qarşısını tam almağın sübut olunmuş yolu yoxdur:
“Lakin riski azaltmağa kömək edən sağlam həyat tərzi tövsiyə olunur. Siqaret çəkməmək, normal bədən çəkisini qorumaq, balanslı qidalanmaq, müntəzəm fiziki aktiv olmaq və kifayət qədər yuxu immun sisteminin normal fəaliyyətini dəstəkləyir. Xroniki stressin azaldılması və infeksiyaların vaxtında müalicəsi də faydalı ola bilər. D vitamini çatışmazlığı olan şəxslərdə onun həkim məsləhəti ilə korreksiyası tövsiyə edilir. Ailəsində autoimmun xəstəlik olan şəxslər öz sağlamlıqlarına daha diqqətli yanaşmalı və şübhəli əlamətlər yarandıqda gecikmədən həkimə müraciət etməlidirlər. Erkən diaqnoz və düzgün müalicə xəstəliyin gedişini ləngidə, ağırlaşmaların qarşısını ala və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.
Ləman İmran
Globalinfo.az