Fransa və İran Ermənistanı müharibəyə bu cür hazırlaşdırır: Səfirdən şok etiraf

Fransa Ermənistanı müharibəyə hazırlayır. Paris bu məqsədlə region ölkələrini də prosesə cəlb etməklə İrəvanın gücünü artırmağa çalışır. Bunu Fransanın İrəvandakı səfiri Olivye Dekotinin sözləri də təsdiqləyir.

Belə ki, o, “İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanın müdafiəsi razılaşdığımız məsələdir” deyib.

Fransa İranı prosesə qoşaraq nəyi əldə etmək istəyir? Tehran yenidən Bakı ilə üz-üzə gələcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Tehran və Parisin İrəvanı qoruduğu, Bakıya qarşı ortaq məxrəcdən çıxış etdiyi sirr deyildi:

“Fransa səfiri sadəcə bunu etiraf edib. Əslində Tehran-Paris əməkdaşlığı 44 günlük İkinci Qarabağ müharibəsi dövründən var. Bu ikili müharibə zamanı Azərbaycan ordusunun dayandırılması məqsədilə paralel şəkildə işləyirdi.

Müharibə sonrası Paris və Tehran Qarabağdakı separatçıları himayə edir, onları silahlandırırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirindən sonra rəsmi Bakı bu planı da iflasa uğratdı.

Bu gün isə Fransa İranla Ermənistan sərhədinin qorunması və Zəngəzur dəhlizi layihəsində eyni mövqedən çıxış edirlər. Göründüyü kimi, dəyişən və yeni bir şey yoxdur. Əvvəllər olduğu kimi Paris-Tehran ortaqlığı davam edir. Səbəb dəyişsə də motiv eyni olaraq qalır”.

Ekspert deyib ki, bu gün Tehran və Paris Ermənistanın müdafiəsi məqsədilə müxtəlif kanallarla qapalı təmaslar qurur və addımlarını koordinasiya edir:

“İndiyə qədər baş verənlər də bu ehtimalı gücləndirir. Azərbaycanı “bölgəyə xarici qüvvələr gətirməkdə” ittiham edən İranın Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda hərbi mövqelər əldə etməsinə susması da bundan qaynaqlanır.

Son dövrlər Tehranın “regiona xarici oyunçuların gətirilməsi” məsələsində reallığı gördüyünə dair məlumatlar var. Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edən İran Prezidenti İbrahim Rəisi bu barədə xəbərdarlıq etmişdi. Lakin bu, İran və Fransanın Ermənistanla bağlı ortaq mövqeyinin dəyişməsi demək deyil.

Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfəri də bu ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb”.

Turan Rzayev
Globalinfo.az