Sui-qəsdin 1 ayı: “Onlar əllərində xəncərlə, avtomatla…” – Fazil Mustafa ilə müsahibə

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın sui-qəsdə məruz qalmasından bir ay ötür.

Millət vəkili Fazil Mustafanın sözügedən hadisə ilə bağlı Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Terror cəhdindən bir ay ötür. Bu müddət ərzində hansı yeni ipucu və ya informasiyalar əldə edə bilmisiniz?

– Bir sıra məsələlər artıq bizə aydındır, bəzi şeylər isə yəqin ki, istintaqın gedişində bəlli olacaq. O zaman ictimaiyyətə daha ətraflı açıqlama veriləcək. Lakin bu cinayətdə iştirak edən şəxslər aşkar olunaraq müvafiq qaydada saxlanılıblar.

– Belə bir hadisənin baş verəcəyini gözləyirdinizmi?

– Konkret olaraq sui-qəsd bizim üçün müəyyən dərəcədə sürpriz olsa da, gözlənilən idi. Çünki illərdir biz Azərbaycanda doğru anlayışların qəbul olunması istiqamətində öz mövqeyimizi bildiririk. Burada fikrin qəbul olunmaması və düşüncəyə qarşı vəhşi münasibət cəmiyyətimizin reallığıdır. Bugünkü mövcud islam anlayışı, müsəlman kimliyi içində olan bəzi insanlar faktik olaraq qatil kimi yetişiblər.

– Bu hadisənin təkrar olunması mümkündürmü?

– Bəli, belə hadisələrin bundan sonra da baş verməsi gözləniləndir. Onların əllərində xəncər, avtomat və ya digər silahları görmək adi məsələdir. Bu, həm irançı, həm İŞİD-çi, həm də başqa zehniyyət sahibi olan insanların bütövlükdə islam adı ilə mənimsədikləri dəyərlərdir. Ona görə də hər şey mümkündür.

– Belə hadisələrin artmasının səbəb nədir?

– Bu, cəmiyyətin ziyalı potensialının aşağı düşməsindən irəli gəlir. Xeyli insanın müəyyən dərəcədə öz missiyasını yerinə yetirməməsi, qorxaq davranması bu cür elementlərin güclənməsinə səbəb olub. Cəhalət kolonu Azərbaycanda kifayət qədər geniş şəbəkələşmiş vəziyyətdədir. Artıq bununla ideoloji mübarizə aparılmır.

– Həmin kolonun qarşısını almaq mümkün olacaqmı?

– Hüquq-mühafizə orqanlarının fədakarlığı nəticəsində həmin kolon genişlənə bilmir. Lakin terrorun qarşısını almaq, Azərbaycanda önə çıxmasını əngəlləmək təkcə hüquq-mühafizə orqanlarının təyziqləri altında mümkün olmayacaq. Burada söhbət yalnız xarici ölkəyə xidmət edən böyük şəbəkədən getmir, eyni zamanda öz ölkəmizin daxilində cahillikdən, başqa ölkənin girovuna çevirilmiş insan qruplarından gedir.

– Onlarla mübarizə hansı qaydada aparılmalıdır?

– Təəssüf ki, ideoloji sferada boşluqlar var. Bu mübarizənin müəyyən dərəcədə böyük cəmiyyət masştabında aparılması zəruridir. Bizim borcumuz məhz insanlarımızın istər siyasi, istər din, istərsə də başqa sahələrdə doğru mühakiməyə sahib olmasını təmin etməkdir.

– Məlum hadisədən sonra nələri götür-qoy etdiniz?

– Əslində, burada götür-qoy ediləsi məsələ yoxdur. Əsas sağlamlığa qovuşub əzm və qətiyyətlə bu istiqamətdə öz missiyamızı yerinə yetirməliyik. Yəni mənim üçün hədəf Azərbaycanın gələcəyinə daha az problem saxlamaqdır. Arzumuz Azərbaycanın gələcəyinin aydın  olmasıdır.

– Bundan sonra geri çəkilməyi düşünürsünüzmü?

– Vətən, dövlət və millət bizə əmanətdir. Allah ağıl, iradə, güc veribsə, biz bu əmanəti qorumaq üçün bütün imkanlarımızı səfərbər edib, addımlarımızı atmalıyıq. Bunun hansı müstəvidə olmasının fərqi yoxdur. Bizim öz insani və milli vəzifəmiz var. Bu vəzifədən də imtina etməyimiz müzakirə mövzusu ola bilməz. Ona görə də bundan sonra da millətimizin aydınlanması, işıqlı gələcəyi üçün əlimizdən gələni edəcəyik.

Zaira Akifqızı
Globalinfo.az