Fazil Mustafadan haqqında yayılan intihar xəbərinə REAKSİYA

“Bəzi savadsız jurnalistlər mənim əlilliklə bağlı müraciət etdiyimi yazıblar. Bu xəbəri elə yayıblar ki, sanki imtiyaz istəyirəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, əslində, bu sənədlər xəsarətin dərəcəsini müəyyən etmək üçün məhkəmə predmeti olaraq lazımdır:

“Terror aktı nəticəsində aldığım xəsarət səviyyəsi diqqətə çatdırılmalıdır. Cəza təyini zamanı bu, önəmli fakt kimi ortaya qoyulacaq. Elə təbliğat aparırlar ki, sanki bizə güllə atmayıblar, guya bu bir oyundur”.

Deputatın sözlərinə görə, son günlər İran saytları yazır ki, “Fazil Mustafa deyir, əlillik verilməsə, özümü öldürəcəyəm”:

“Özümü niyə öldürürəm, sizin bağrınızı çatladacağam. Acınacaqlı olan isə budur ki, yerli media xəbəri mənimlə dəqiqləşdirməmiş yayır. Lap deyək ki, əlilliklə bağlı müraciət etmişəm. Burada qeyri-hüquqi nə var axı?! Mən yaralanmışam, xəstəxanada yatmışam, əməliyyat olunmuşam, Prezident də bunu terror aktı kimi qiymətləndirib! Başqa nə istəyirsiniz? Bunlar hamısı qəsdən yalan xəbərlər tirajlayıblar”.

Zaira Akifqızı
Globalinfo.az