Fransa kəşfiyyatçılarını sərhədimizə yerləşdirir. Oktyabr ayının əvvəlindən Avropa İttifaqının Ermənistandakı “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Ötən gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.
Bakı buna necə reaksiya verəcək? Fransanın sərhədimizə bu qədər açıq şəkildə yaxınlaşması nədən xəbər verir? Diversiya olması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Ermənistana yerləşdirilən mülki müşahidəçilərin sayı artırılır:
“İlk dəfə 2 aylıq fəaliyyətinə Azərbaycan da icazə vermişdi. Lakin ardınca rəsmi Bakının icazəsini almadan bu müddət bir qədər də artırıldı. Onlar bariz şəkildə öz fəaliyyətlərini göstərmək üçün sərhəd ərazilərə gəlirlər, müşahidələr aparırlar. Keçən il Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşının saxlanılmasında da həmin missiyasının rolu var idi. Azərbaycanın sərhəd bölgəsini öyrənib, kəşfiyyat məlumatları əldə edir, bu məlumatları mərkəzə ötürürlər. Bu prosesi Rusiya və İran üçün də həyata keçirirlər.
Elşad Həsənov
Mülki müşahidəçilərin əksəriyyəti Fransanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları və jandarmalarıdır. Bu şəxslər həmişə dövlətlərin tapşırıqlarını yerinə yetirirlər. Artıq fransız kəşfiyyatı bizə sərhəddən baxır. Çünki keçən ilin dekabrında onların “burnunu əzdik”. Azərbaycanda diplomatik pərdə arxasında fəaliyyət göstərən iki kəşfiyyatçını həbs etdik. Onlar persona non qranat elan olundu”.
Politoloqun sözlərinə görə, Azərbaycan həmin mülki missiyanın fəaliyyətində maraqlı deyil:
“Ermənistanla sülh müqaviləsinin mətni barədə maddələrin böyük əksəriyyəti ilə bağlı razılıq əldə edilib. Yaxın zamanlarda sülh müqaviləsinin imzalanması gözləniləndir. Lakin Azərbaycanın əsas şərti olan konstitusiya dəyişikliyi yerinə yetirilməlidir. Ölkəmizə qarşı hər hansı təxribat baş verərsə buna uyğun cavab veriləcək”.
Safura Bənnayeva
Globalinfo.az