Ermənistanın gizli silah trafiki: Putinin “sürpriz”ə cavabı…

Son günlər Ermənistanın Ukraynanı sovet istehsalı olan silahlarla təchiz etməyə başlaması ilə bağlı yerli və xarici mediada məlumatlar yayılır. Bu məsələ olduqca böyük səs-küyə səbəb olub. Məlumata görə, Ermənistanla Avropa Komissiyası arasında saziş imzalanıb. Buna əsasən İrəvan sovet istehsalı olan tank və zenit-raket komplekslərini Gürcüstan limanı vasitəsilə Kiyevə göndərməlidir.

Ermənistanın ümumi dəyəri 210 milyon ABŞ dolları olan silahları Ukraynaya təhvil verməsi realdırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, belə bir halın baş verməsi mümkündür:

“Sovet dönəmindən qalan silahların istifadədən çıxarılmasına çalışa bilərlər. Dəfələrlə görmüşük ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya müasir deyil, köhnə silahlar verirlər. Şərq bloku ölkələri Polşa, Bolqarıstan, Çexiyadan və s. SSRİ, NATO-ya aid silahları göndərirlər. Bunun əvəzində də həmin ölkələrə daha müasir Qərb texnikaları verirlər. Sistem bu formada davam edir”.

Turab Rzayev

Politoloqun sözlərinə görə, silahlar hansı ölkədən alınırsa, onun digər dövlətlərə verilməsi üçün satan və alan ölkə arasında müqavilə imzalanır:

“Məsələn, Ermənistan Rusiyadan aldığı silahları Ukraynaya vermək üçün Kremldən razılıq almalıdır. Maraqlıdır, Rusiya Ermənistana bu silahları Ukraynaya satmaq üçün icazə veribmi? Ola bilər ki, sovet dövründə alınmış yox, o vaxtdan qalan texnikaları , yaxud da Rusiyadan alınan silahları sovet dövrünə aid texnikalar kimi qələmə verərək Ukraynaya göndəriblər. Bu Moskva və İrəvan arasında eskalasiyaya səbəb ola bilər. Rusiyanın Ermənistana ağır zərbə endirməsi istisna edilmir”.

Safura Bənnayeva
Globalinfo.az