Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar islam ölkələri ilə münasibətlərin normallaşdırmasına çalışır. Bu istiqamətdə xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla əlaqələrin qurulmasına çalışan Paşinyan hələlik istədiyi cavabı ala bilmir.
Maraqlıdır, Paşinyan bununla nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın müsəlman ölkələri ilə münasibətləri normallaşdırma cəhdində qeyri-adi heç nə yoxdur:
Elxan Şahinoğlu
“Sülh sazişinin imzalanması həm də elə buna görə Ermənistan üçün vacibdir ki, İrəvan Azərbaycanla münasibətləri normallaşdırmaqla yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qura bilsin.
Ermənistan və Səudiyyə Ərəbistanı xarici işlər naziri bir neçə dəfə görüşüblər, telefonla danışıblar. Bu danışıq və müzakirələrə baxmayaraq, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmağa tələsmir.
Ermənistanın baş naziri Səudiyyə Ərəbistanının islam aləmindəki və ərəb dünyasındakı çəkisini nəzərə alır. Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq”.
Turan Rzayev
Globalinfo.az