ermeni ordu

Son günlər Qarabağ və ətraf bölgələrdə Ermənistan ordusu tərəfindən təxribatlar törədilir. Ötən həftə Dığ kəndi ilə sərhəddə, Zəngilan istiqamətində qısamüddətli döyüşlər oldu. Bundan əvvəl isə “Laçın” postu ermənilər tərəfindən atəşə tutuldu. Bir sərhədçimiz yaralandı. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmənin iki snayperi zərərsizləşdirildi.

Daha sonra isə Ermənistanın Azərbaycanla sərhədə ordu yığdığı, təmas xəttində aktivləşdiyi xəbərləri yayıldı.

Ermənistan niyə belə aktivləşib? Azərbaycanla toqquşmaya getməyə onu nə vadar edib? Bilmir ki, bu, onun üçün son döyüş, axırıncı müharibə olar?

Mümkündür ki, erməniləri hansısa kənar güclər qızışdırsın. Tarix boyu onun-bunun əlində oyuncağa çevriliblər. Qafqazda rusların, Osmanlıda ingilislərin, fransızların və sair qüvvələrin istifadəsində olublar. Bu biabırçı vəziyyətləri bu gün də davam edir. Ermənistanın mənəvi, siyasi, hərbi, iqtisadi iradəsi öz əlində olmayıb heç vaxt. Ona görə də kimə lazım olur, bu və başqa formada istifadə edir.

Əksər politoloqların fikrincə, Ermənistanı Azərbaycana qarşı təxribatlara həvəsləndirən Rusiyadır. Bunun da səbəbləri göstərilir. Deyilir ki, Rusiya Qarabağ məsələsində sülh sazişinin imzalanmasını istəmədiyinə görə ermənilərin əli ilə təxribatlar edir. Hətta son məlumatlara görə, Rusiya Ermənistana xeyli sayda dron verib.

İranın da Ermənistan üzərində ciddi təsirinin olduğu məlumdur. İndiyə kimi İran Ermənistana xeyli sayda kamikadze dronlar satıb. Bu haqda rəsmi məlumatlar zaman-zaman yayılır. Tehranın Qarabağdakı separatçılara zenit qurğuları verdiyi haqda da informasiyalar dolaşır. Bir neçə ay öncə Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində İrandan gələn təlimçilərin erməni separatçılara raketlərdən istifadəni öyrənmək üçün təlimçilər göndərdiyinə dair səhih bilgilər yayılmışdı. Azərbaycan tərəf bu məlumatları ictimailəşdirdi. Orda ad, soyad, foto, başqa önəmli bilgilər var idi.

44 günlük müharibədən sonra Ermənistanın Hindistandan da silahlar alması barədə məlumatlar intensiv şəkildə yayılır.

Bir sözlə, rəsmi İrəvan 2 il yarımlıq fasilədən istifadə edərək silahlanıb. Amma unudur ki, Azərbaycan da müharibədən sonra boş dayanmayıb. Həm Türkiyə ordusu ilə birgə təlimləri davam etdirib, həm komanda birliklərinin sayını çoxaldıb, həm də ordunun maddi-texniki bazasını gücləndirib. İndiki şərtlərlə Ermənistan Azərbaycanla müharibəyə başlasa, dövlət olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qala bilər. O zaman sərhədlərin harda başlayıb harda bitəcəyini Azərbaycan əsgəri, şanlı ordumuz müəyyən edəcək. Bunun anonsunu Prezident İlham Əliyev Laçın rayonunda olarkən verdi. Əslində, İlham Əliyev Qarabağda yaşayan ermənilərə və bütövlükdə Ermənistan dövlətinə yol xəritəsi göstərdi. Prezident bildirdi ki, ya qanunlarımızı qəbul edib bayrağımızın altına keçəcəklər, ya da burdan çıxıb gedəcəklər.

Ermənistan sərhədyanı zonalarda gərginlik yaradıb danışıqlar masasında üstün mövqe qazanmaq da istəyə bilər. Başa düşmür ki, artıq onun şıltaqlığına dözüm limiti bitib. Azərbaycan dövləti istəsə ildırımsürətli antiterror əməliyyatı keçirib, bir neçə günə Qarabağdakı bütün separatçıların kolunu kəsər. Sadəcə, hələ dözümlü yanaşır. İlham Əliyev Laçında separatçıların amnistiyaya düşə biləcəyinə də işarə etmişdi. Beynəlxalq birlik Azərbaycan dövlətindən bu tör-töküntü üçün əfv diləyir. Belə həssas məqamda təmkinimizi qorumalıyıq. Ola bilsin, Ermənistan həm də buna görə bizi təxribata çəkir.

Ermənilərin son təxribatından sonra “Laçın” postu bağlıdır. Buna görə Azərbaycanı qınayan, tənqid edən, dövlətimizin qarşına tələblə çıxan bir dövlət, təşkilat yoxdur. Ola da bilməz. Çünki beynəlxalq birlik, xüsusən də Qərb Azərbaycandan erməni separatçıların xahişini edib. O xahişin üzərindən bayrağımıza və əsgərimizə güllə atılıb. Ona görə Avropa Birlinin, ABŞ-ın deməyə sözləri yoxdur. Biz də əlimizdə olan ən ciddi resursdan istifadə edib, ermənilərin dizini yerə gətiririk. Səssiz müharibə taktikası ilə düşmənə dərs veririk.

Aydın Aslan
Globalinfo.az

Paylaş: