Ermənistan yeni “aprel bombası”nı partlada bilər – Saatlar qaldı…

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinkenlə keçiriləcək görüşü bir çox aspektdən müzakirə edilir. Görüşdə Ermənistana hərbi yardım, yeni sərhəd təxribatı kimi məsələlərin müzakirə olunacağı ehtimal edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, rəsmi Bakı Ermənistanla münasibətlərdə bütün variantlara hazırdır:

“5 aprel görüşü çərçivəsində müxtəlif razılıqlar ola bilər: Ermənistan ərazisinə yeni Qərb hərbi missiyasının göndərilməsi, İrəvanın silah və maddi yardımla təmin olunması və s.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazırıq. İrəvan isə bu prosesdən yayınır. Belə olan halda Bakı üçün sülh müqaviləsi imzalanmaması problem deyil”.

Politoloq xatırladıb ki, versiyaların arasında görüşdən sonra Ermənistanın sərhəddə təxribata əl atması da var:

“Onlar artıq 5 aprel görüşünə qədər bunu ediblər – Naxçıvanda atəşkəsi pozdular – bundan sonra da bənzər addımlara gedilməsi istisna deyil.

Ümumilikdə görüşdə hansı qərarın verilməsindən, addımın atılmasından asılı olmayaraq, Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakının İrəvana təqdim etdiyi 5 prinsip (ölkələrin qarşılıqlı formada ərazi bütövlüyünün tanınması, gələcəkdə ərazi iddialarının olmaması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya-demarkasiyası və güc tətbiq etməmək) mükəmməl sülh sənədi toplusudur”.

O.Qasımov vurğulayıb ki, Azərbaycan hazırkı prosesləri yaxından izləyir:

“Fransa, Qərb dairələri, İran və Hindistan Ermənistanın sülhə getməsində maraqlı deyil. Bölgədə gərginlik yaratmaqla öz maraqlarının təmin olunmasına çalışırlar. Ermənistanda revanşist əhvali-ruhiyyə güclənir. Azərbaycan istənilən təxribata adekvat cavab vermək gücündədir”.

Safura Bənnayeva
Globalinfo.az