
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri çərçivəsində erməni icmasının nümayəndələri ilə görüşü maraqla qarşılanıb.
Vaşinqtondakı icma üzvlərinin baş nazirə soyuq yanaşması diqqət çəkib. Paşinyan görüş zamanı Ermənistanda ideoloji dəyişikliyin müşahidə edildiyini bildirib. O, ölkənin kənar müdaxilə olmadan mövcudluğunu davam etdirməsi üçün müəyyən tədbirlərin görülməli olduğunu söyləyib.
İddialara görə, baş nazir səfər müddətində ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mark Rubio ilə görüşməyə çalışsa da, bu, baş tutmayıb.
Paşinyanın Tramp hakimiyyətinin ilk zamanlarında ABŞ-a sözügedən səfərini uğurlu hesab etmək olarmı?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, baş nazirin səfərinin nəticəsini müzakirə etmək hələ tezdir:
“Bunun üçün səfərin sonlarını gözləmək lazımdır. Lakin onun diasporla münasibətlərinin heç də yaxşı olmadığına dair yayılan məlumatlar doğrudur. Bu gün erməni lobbisi Ermənistandakı bütün partiyalardan daha radikal və revanşistdir. Onlar İrəvanın Bakı və Ankara ilə arasında hər hansı razılıq əldə etməsinin əleyhinədirlər. Bunu da çox radikal şəkildə büruzə verirlər.
Paşinyanın siyasəti diasporla kəskin ziddiyyət təşkil edir. Lakin nəticə etibarilə diaspor üzvləri də ermənidir. Nə qədər fərqli fikir olsa da, ermənilər ortaq hərəkət etməyi bacarır. Yəni səfər zamanı Paşinyana qarşı hər hansı kəskin qərəzin olacağını düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az