Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar danışıqlar prosesini ləngitmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Bəzi versiyalara görə, onun əsas planı budur ki, sərhədlərin müəyyən edilməsi mövzusu gündəmdən çıxsın. Bu, həm də o deməkdir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını əsla istəmir. Rəsmi Bakı isə bunlara rəğmən hələlik təmkinini pozmur.
Sentyabrın 2-də Dağlıq Qarabağın “müstəqillik günü” münasibəti ilə separatçıların təxribat planlaşdırdığı haqda məlumatlar var.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan geosiyasi vəziyyətin dəyişməsini gözləyir:
Qabil Hüseynli
“O yaxşı başa düşür ki, indiki məqamda Azərbaycanla nə diktə ilə danışa bilər, nə də hər hansı tələb edə bilər. Üstəlik rəsmi Bakı həm antiterror əməliyyatına, həm də Ermənistanı sülhə məcburetmə əməliyyatına başlaya bilər.
Paşinyan bütün reallıqları bilir və yaxşı başa düşür. Danışıqlar prosesində maraqlı olduğunu göstərmək üçün radikal qərarlar verir, Ermənistan parlamentində sensasion çıxışlar edir. Aydın məsələdir ki, bütün bunlar gözdən pərdə asmaq üçün atılan addımlardır. Məqsəd sadəcə vaxt udub prosesi uzatmaq, lazımi geosiyasi vəziyyətin yetişməsini gözləməkdir.
Bu vəziyyətdən istifadə edə bilərik. Yəni Paşinyana geri addım ata bilməyəcəyi şeylər dedirdib daha sonra bunu etməsini ondan tələb edə bilərik. Ermənistana maksimum təzyiq etmək lazımdır. Əks təqdirdə bu bizim zəifliyimiz olaraq görüləcək.
Paşinyanın sülhdən uzaqlaşmaq cəhdlərinə kiçik hərbi əməliyyatlarla cavab vermək olar. Bu, Ermənistanı qorxutmaq və geri addım atması üçün kifayətdir”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Nikol Paşinyanın sülhdən yayındığı kimi separatçıların “lideri” Araik Arutyunyan da reinteqrasiya prosesindən yayınmaq istəyir:
Elxan Şahinoğlu
“Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşünün təşkilidir. Arutyunyan bu məqsədlə “dövlət naziri” Qurgen Nersisyanı qabağa verib. Separatçıların “dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun.
Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakı ilə görüşə razılaşmaq məsələni beynəlmiləlləşdirmək deməkdir. Havalar soyumağa başladıqca, vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar”.
Turan Rzayev
Globalinfo.az