Ermənilər sosial şəbəkələrdə kütləvi şəkildə bu fotonu paylaşırlar

Ermənistanın Qeqarkunik rayonundakı hərbi hissədə çoxsaylı əsgər ölümü ilə nəticələnmiş yanğın hadisəsi müxalifətə hakimiyyət əleyhinə bəhanə verib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, əsgərlərin faciəli ölümündən sonra Silahlı Qüvvələrin bir sıra zabitləri, o cümlədən 2-ci ordu korpusunun komandiri xidmətdən uzaqlaşdırılsa da, müxalifət müdafiə naziri Suren Papikyanın da istefaya getməli olduğunu bildirib.

Qeyd olunub ki, Müdafiə Nazirliyi əsgərlər üçün normal kazarma şəraiti yaratsaydı və onlar kənd binasında deyil, normal kazarma şəraitində xidmət göstərsəydilər, faciə baş verməzdi.

Sosial şəbəkələrin erməni seqmentində müxtəlif istifadəçilər nazir Suren Papikyanın fotosunu “İstefasını tələb edirəm!” yazısı ilə paylaşırlar.

Papikyanın istefası tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiya keçirmək təklif olunur.

Xatırladaq ki, Azərbaycanla sərhədəki hərbi hissədə baş verən yanğında 15 nəfər həqiqi hərbi xidmət çağırışçısı ölüb, 6 əsgər və 1 zabit isə xəsarət alıb.