Ermənilər hərəkətə keçdi: Bayden adamını İrəvana göndərir

ABŞ-dəki erməni diasporunda Vaşinqtonun İrəvana yeni təyin edəcəyi səfirlə bağlı narahatlıqlar artıb.

Globalinfo.az xəbər verir ki, keçmiş səfir Lin Treysinin fəaliyyətindən narazı olan ermənilər eyni situasiyanın təkrarlanmaması üçün hərəkətə keçiblər. Belə ki, ermənilərin ABŞ-dəki ən böyük təşkilatı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) Senatın Beynəlxalq Münasibətlər Komitəsinə müraciət edərək, onlardan yeni namizədin diqqətlə araşdırılmasını tələb edib. Məlumata görə, 30 noyabrda yeni səfirlə bağlı baş tutacaq dinləmələrdə təşkilat senatorlardan ondan Qarabağdakı separatçı rejimə və Ermənistana dəstəklə bağlı sualların verilməsini istəyiblər.

Qeyd edək ki, iyul ayında ABŞ Prezidenti Cozef Bayden Kristin Kvini Ermənistan səfiri vəzifəsinə namizədliyini irəli sürmüşdü. Ermənistanda səfir çalışan Treysi isə Rusiyaya səfir göndərilmişdi. Erməniləri Treysidən narazı salan əsas məqam onun Qarabağ müharibəsi dönəmində İrəvana açıq dəstək verməməsi olub. Maraqlı məqam isə ANCA-nın yeni Treysi sindromunun yaşanmaması üçün müraciət etdiyi Senatın Beynəlxalq Münasibətlər Komitəsinə erməni lobbisinin üzvü sayılan Bob Menendesin rəhbərlik etməsidir.

Kristina Kvin ABŞ Ordusunun Hərbi Kollecini bitirib. 1992-ci ildə diplomatik fəaliyyətə başlayan Kvin bundan öncə “Los Anceles Tayms” qəzetində bazar araşdırmaçısı kimi çalışıb. Bu vaxta qədər o, ABŞ-nin Parisdəki konsulluğu, Filippindəki nümayəndəliyində, Sloveniyadakı səfirliyində, Tailand və Britaniyadakı səfirliklərdə işləyib. Üstəlik, Kvin 2008-2010-cu illərdə ABŞ Təhlükəsizlik Şurasında Avropa Birliyi və Şərqi Avropa ilə bağlı şöbəyə rəhbərlik edib. Sonuncu iş yeri kimi isə diplomat Ukraynada müvəqqəti işlər vəkili olaraq çalışıb.

İlkin
Globalinfo.az