İrəvana enən sirli helikopter – Erməni deputat azərbaycanlıları xilas etdi

Qərbi azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiyasından 35 il ötür. 1988-ci ildə Ermənistanın etnik təmizləmə və regionun etnik vəziyyətini dəyişmək siyasəti çərçivəsində 250 min (bəzi mənbələrdə 300-500 min) insan zorla, bəzi yerlərdə isə xüsusi amansızlıqla torpaqlarından qovulub.

Əminəm, bu yazını oxuyan hər bir qərbi azərbaycanlı həmin prosesi, hadisələri yaxşı xatırlayırlar. Ata-baba topağını əliyalın tərk etmək, yaxınlarının ölümünü görmək, əcdadlarının qəbrini taleyin ümidinə buraxmaq nə deməkdir – onlar yaxşı bilirlər.

Mən Bakıda dünyaya gəlsəm də, uşaqlığım bu prosesin bütün ağrı-acısını yaşayan valideynlərim, qohumlarımın nəql etdiklərini eşitməklə keçib.  Uşaq vaxtı dinlədiyim ən təsirli hekayəni isə anamın nənəsi Güllü xanım danışmışdı… Amma bu hekayə hansısa yazıçının təxəyyülünün məhsulu deyildi, birbaşa erməni terrorçularının həyata keçirdiyi real akt idi.

1988-ci ildə Spitak rayonunun (tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən qədim türk şəhəri) Qursalı kəndini tərk etmək məcburiyyətində qalan ailəm helikopterlə Qazaxa getməli idi. Lakin gözlənilmədən helikopter istiqamətini Qazaxa deyil, İrəvana doğru dəyişdi.

Həmin illərdə Ermənistanı tərk edə bilməyənlər əsir düşür, qanı, orqanları satılırdı. Minlərlə insan məhz bu səbəbdən həyatını itirib.

Ailəmin fərdləri də helikopterlə bu məqsədlə İrəvana gətirilmişdi. Lakin ermənilər sonda onları Azərbaycana göndərmək məcburiyyətində qalıblar. Hətta ailəmi Azərbaycana sağ-salamat göndərən şəxs əslən Bakı ermənisi olan bir deputatdır. Təəssüf ki, həmin şəxsin adını bilən yeganə insan – Güllü nənəm artıq həyatda deyil. Anamın dediyinə görə, nənəmlə erməni dilində danışan deputat onları Azərbaycana göndərəcəklərinə söz verib. Əslində, onun bu “humanizm”inin səbəbi 1988-ci il 10 dekabrda ABŞ-da səfərdə olan SSRİ lideri Mixail Qorbaçovun Ermənistanda zəlzələ olması barədə xəbəri alan kimi birbaşa Leninakan (Gümrü) hava alanına uçması idi. Qorbaçovun Ermənistana səfərinə görə ermənilər əllərindəki əsirləri, habelə ailəmin fərdlərini buraxmalı olur. Beləcə,  ailəm sonuncu qatar reysi ilə Azərbaycana gəlir.

Əminəm, bu gün hər bir qərbi azərbaycanlı ailədə qeyd etdiyimdən daha kədərli və dəhşətli hekayələr var. Və əminəm ki, bu gün Qərbi Azərbaycan həsrəti çəkən hər bir soydaşım gec-tez ata-baba torpaqlarına qaydacağı günü səbirsizliklə gözləyir. Cənab Prezidentin dediyi kimi, biz Qərbi Azərbaycana tankla, silahla deyil, sülhlə qayıdacağıq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı