Ermənistan təslim olmağa hazırlaşır: Petrosyanın bəyanatı, Paşinyanın rəftarı – TƏHLİL

Son iki ildə ciddi fərq nədir, bilirsiniz? Qarabağla bağlı bəyanatları həmişə Bakıdan, Gəncədən, Qəbələdən, Naxçıvandan.. verərdik, hazırda bu bəyanatlar Qarabağın özündən, özəyindən səsləndirilir.

30 il beynəlxalq təşkilatların mənzil qərargahlarından, tribunalarından Qarabağın işğal edildiyini sübuta yetirməyə çalışdıq. Onlar da ədalı-forslu tavrlar göstədilər. İndi Qarabağdan deyirik, “Qarabağ Azərbaycandır!”. Amma vaxt var idi o beynəlxalq lotular üzümüzə dirəşirdilər, “münaqişənin hərbi yolla həlli mümkün deyil” söyləyirdilər. İndi beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri torpaqlarımızdan qovduğumuz erməniləri müdafiə edirlər, şantaja əl atırlar. Biri “soyqırım” gözyaşları axıdır, digəri “Dağlıq Qarabağ xalqı” deyir. Nə o saxta göz yaşı, nə də “DQ xalqı” ifadəsi vəziyyəti dəyişmək gücündə deyil. Nə deyirlər, desinlər. Lap belə dombalaq aşsınlar. Fakt budur ki, Müzəffər Ordumuz işğaldakı torpaqları azad edib, dünyanı fakt qarşında qoyub. Ermənilərin özlərini, himayəçilərini mat qoyub. BMT-nin, ATƏT-in hıqqanıb görə bilmədiyi işi (əslində görmək istəmədiyi işi) Ali Baş Komandan və Ordumuz 44 günə gördü.

Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva 27 sentyabr Anım Günü Füzulidə, Şuşada oldular. Prezidentin Füzulidə çıxışında əsas motiv budur: “İmkan verməyəcəyik ki, düşmən bir daha torpaqlarımızı işğal etsin”! 30 il məğlubiyyətdən az qalsın beli bükülmüş Azərbaycan xalqı dikəldi, ayağa qalxdı, ümidə, bayrağa və dövlətə sarıldı, Vətən müharibəsi başladıb, torpaqlarının əhəmiyyətli hissəsini işğaldan azad etdi.

Azərbaycan xalqı savaşçı xalqdır. Torpağını qoruya bilməyəndə ümidini qoruyur. Toparlanıb, yenidən savaş başladır. Qələbə qazanır.

Savaş indi də davam edir – həm cəbhədə, həm diplomatiyada, həm siyasətdə, həm də informasiya məkanında atəş kəsilmir. Azərbaycan 730 gündür (2 il) böyük savaşın içindədir. Dünya bu millətin qələbəsini qəbullana bilmir. Bizi gözü yaşlı, üzü kədərli, çarəsiz və məğlub görməyə alışıblar. Bilirlər ki, bu prosesin sonu Quzey Azərbaycanın bütövlüyünə, böyüməsinə, güclənməsinə aparır. Bunun nə demək olduğunu İran da, Rusiya da, Qərb də gözəl başa düşür. Ona görə də dünya üstümüzə-üstümüzə gəlir.

O dünya dediyimiz bədxah gücün burdakı tör-töküntüləri sahibləri tərəfindən necə qısqırdılıbsa, gecə-gündüz Azərbaycanın üzərinə hürürlər. Təsəvvür edin, bu ölkənin vətəndaşı, soydaşı olasan, deyəsən ki, ordumuz Ermənistana hücum edib, Ermənistanın ərazisini işğal edib. Bunları seyr etmək ağırdı.

Xaricdəkiləri hardasa başa düşməyə çalışırıq. Tutaq ki, orda erməni diasporunun, daşnakların qucağına sığınıblar, əlacları yoxdur, burcuda bilmirlər, bu səbəbdən Vətəninə, ordusuna şər atırlar. Bunun üzərinə bir də savadsızlıqlarını, cahilliklərini gəlirsən, mənzərə tap aydınlaşır. Baxmayaraq ki, Vətəni sevmək savadla, intellektlə əlaqəli bir şey deyil. Və yaxud, Vətənə dönük çıxmağın cahilliklə, kəmsavadlıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma yenə də olsun deyək.

Bəs özünü partiya sədri adlandıranların, intellektual, savadlı, təcrübəli sayanların xainliyini hara yazasan? Qərbdən Azərbaycanın üzərinə yönəlmiş basqını prezident İlham Əliyevin siyasi məğlubiyyəti kimi qələmə verən “müxalifət lideri”nin hıçqırıqlarına baxmaq əzabdı. Adam onun yerinə utanır. ABŞ-dan, Fransadan, İrandan üzərimizə gələn təzyiqlər ermənilərin Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq cəhdləridir. Bu təzyiqlər separatçıları qorumağa, onları Qarabağda saxlamağa xidmət edir. Bunu anlamaq o qədərmi çətindir? Bu təzyiqlər Zəngəzur dəhlizinin açılmaması üçündür. Guya bu gerçəyi bilmirlər? Yaxşı anlayırlar. Sadəcə tapşırıq “yuxarıdan gəlib”. Bunlar hazırda o vəziyyətdədirlər ki, az qalsınlar Nensi Pelosi kimi ermənilər üçün göz yaşı axıtsınlar.

Azərbaycan qurtuluş savaşı aparır. Geridönməz proses gedir. Xainlər özlərini büruzə verirlər. Agentura şəbəkəsi aldığı təlimat üzrə bu savaşa inamı azaltmaq, cəmiyyətdə tərəddüd yaratmaq üçün əlindən gələni etməyə çalışır. Fəqət, gecdir. Azərbaycan elə bir mərhələdədir ki, xain çetenin cəhdləri bu azman prosesi ləngidə bilməz. Orduda, siyasətdə, dövlət idarəçiliyində illərdir məskən salmış xain şəbəkə xeyli zərərsizləşdirilib. Müxalifətçi, mediaçı, QHT-çi və s. adlar altında kamuflyaj olunanlar isə 12-14 sentyabr döyüşlərində özlərini açıq etdilər. 44 günlük müharibə zamanı edə bilmədikləri pisliklərin əvəzini indi çıxmaq istədilər. Lakin ictimai qəzəb, qınaq snayper dəqiqliyi ilə alınlarının ortasından dəydi.

Artıq Ermənistanın, Paşinyanın ədalı davranışları, bəyanatları bizə vız gəlir. Bizimlə, Türkiyə ilə sülh sazişi bağlamaqdan başqa yol qalmayıb. Onlar üçün yolun sonu iki il öncə bu günlərdə görünməyə başlayıb. Keçmiş prezident Levon Ter-Petrosyan bu günlərdə deyib ki, Ermənistan Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasa, təslim olmasa, məhv olacaq. Erməni olanda nə olar, ağıllı düşünür, gerçəyi anlayır. Bu həm də məlumata əsaslanan mülahizələrdi. Ter-Petrosyan 2021-ci ilin yayında da oxşar bəyanat vermişdi. Demişdi, dünya Ermənistanı satıb. “Məsələ bizim üçün bitib” – söyləmişdi. Yeri gəlmişkən, iki gün öncə Ermənistan iki PKK-çını Türkiyəyə təhvil verib. Bəzi ekspertlər bunu gözlənilən Ərdoğan-Paşinyan görüşünə Ermənistanın “əlidolu” getməsi kimi şərh edir.

Paşinyadan artıq erməni olmaq istəyən bəzi azərbaycanlılar da bu gerçəyi anlasalar… Belə götürdükdə, heç anlayan günləri olmasın. Nə qədər millətin, ölkənin önündə olacaqlar, tarixə də o şəkildə düşəcəklər.

Xainləri qanun bağışlaya bilər, amma tarix heç vaxt əfv etmir. Üstündən min il keçsə də…

Azər AYXAN, Əməkdar jurnalist

Globalinfo.az