Ərdoğanla Putinin tarixi Azərbaycan razılaşması – Müharibə başlayır, sonra isə…

Cənubi Qafqazda əsas oyunçular kimlərdir? Bura nəzarət paketi hazırda hansı dövlətin, birliyin əlindədir: Rusiyada, Avropa Birliyində, yoxsa Türkiyə-Azərbaycan tandemində?

Türkiyənin bölgədə aktivliyi, təsiri ciddi şəkildə artıb. 2020-ci ildən başlayaraq Türkiyə bütün sahələr üzrə burada möhkəmlənib. İkinci Qarabağ müharibəsində Ankaranın mənəvi-siyasi dəstəyi olduqca böyük miqyasda idi. Türkiyənin müharibə zamanı və ondan sonrakı periodda Cənubi Qafqazda proseslərə təsir imkanı Rusiyadan da çox olub. Qarabağ məsələsində rəsmi Ankaranın Moskvaya təsiri danılmazdır. Türkiyənin siyasi dəstəyi olmasaydı, Azərbaycan işğaldakı torpaqları bu sürətlə və bu miqyasda geri qaytarmağa çətinlik çəkərdi. Ərdoğan-Putin münasibətləri İkinci Qarabağ müharibəsinin gedişinə ciddi təsir göstərdi. Bir çox analitiklər deyirlər ki, 2020-ci ildə Qarabağ müharibəsində Putinin neytral mövqedə dayanması həm də Ərdoğan amili ilə bağlı olub. Fəqət bir gerçəyi unutmaq olmaz: Vətən müharibəsinin başlaması, uğurla getməsi, qələbə ilə başa çatması Azərbaycan Prezidenti İlham Əliyevin xidmətidir. Onun iradəsi, zəkası, peşəkarlığı, dəqiq hesablaması və cəsarəti hesabına Azərbaycan Ordusu işğaldakı əraziləri azad edə bildi.

Prezident İlham Əliyev müharibəyə qədər bütün tərəflərlə – ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Rusiya, Çin – məsələni həll etmişdi. Elə bir mahir siyasət işlənib hazırlanmışdı ki, 44 günlük müharibədə Azərbaycana qarşı kimsə açıq şəkildə çıxa bilmədi. Bütün dövlətlər, beynəlxalq təşkilatlar etiraf etdilər ki, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesidir.

Fransanın geopolitik cığallığı heç nəyi dəyişmək gücündə olmadığı üçün bu mövzu üzərində çox dayanmağı lazım bilmirik. Rəsmi Parisin Azərbaycanla bağlı mövqeyi tarixi qisas hissindən doğan məsələdir. Müəyyən qədər impulsivdir. Fransanın Türkiyə ilə çoxəsrlik ədavəti Azərbaycanla bağlı siyasətinə də təsirsiz ötüşmür. Ermənistanı müdafiə etmək həm də Türkiyəni zəiflətmək, ona qarşı cəbhə açmağa dəstək vermək məqsədi daşıyıb tarixən. Üstəlik, Fransanın Aralıq dənizində Türkiyə ilə çoxəsrlik rəqabəti də burada özünü göstərir. Türk amili, türk-müsəlman coğrafiyası bütün dövrlərdə Fransanın yuxusunu qaçırıb.

Zəngəzur dəhlizinin açılması Türkiyə-Azərbaycan tandeminin Cənubi Qafqaz və hətta Mərkəzi Asiya regionunda təsir imkanlarını birə-beş artıracaq.

Amma bu bölgədə əsas oyunçu həm də Çindir. Ən mötəbər ekspertlər, təhlilçilər deyirlər ki, Zəngəzur dəhlizi ideyasında, işğaldakı torpaqların Azərbaycanın nəzarətinə keçməsində Çinin həlledici təsiri olub. Çinin meqalayihələrində Azərbaycan önəmli rola malikdir. Yaxşı hal nədir, bilirsiniz?  Bölgə ilə bağlı Çinlə Azərbaycanın, eləcə də Türkiyənin mövqeləri üst-üstə düşür. Heç bir fikir ayrılığına rast gəlinmir. Çinin Avropa ilə də münasibətlərinin pozitiv olması indiki həssas məqamda böyük oyunçular arasında bölgə uğrunda amansız rəqabət yaratmır. Bir sözlə, Azərbaycan böyük oyunçular arasında bölüşdürüləcək pasta (tort) deyil, əməkdaşlıq üçün can atılan ciddi tərəfdaşdır. Ən böyük uğurumuz budur.

Tarix boyu Azərbaycan işğala məruz qalıb, parçalanıb. Son 300 ildə bütün savaşlarda məğlub edilib. 2020-ci ildən sonra ölkənin taleyi yaxşı mənada dəyişdi. Azərbaycan uğrunda qlobal savaşlar Azərbaycan üzərindən qlobal əməkdaşlıqla əvəzləndi. Bu, hərb sahəsindəki qüdrətimizlə və diplomatiya masasındakı ağlımızla, gücümüzlə bağlıdır.

Aydın Aslan
Globalinfo.az