Müharibə başlayanda Əliyev master-klas keçdi – Ovannisyan

“Bizim bacarıqsızlığımız müttəfiqlərimizi yorur, düşmənimizi həyəcanlandırır, bu isə ciddi təhlükə deməkdir. Bəs biz hazırkı qarışıq vəziyyətdə nə edirik? Nikol Paşinyanın peroşki yeməsini müzakirəyə çıxarırıq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Vahe Ovannisyan qeyd edib.

Ekspert 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin gördüyü işləri müqayisə edərək İrəvanın heç bir uğur qazanmadığını söyləyib:

“Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra danışıqlarla bağlı taktikasını, siyasi strategiyasını tamamilə dəyişdi. Ötən ilin fevralında Ukraynada başlayan müharibəyə görə bütün dünya Rusiyaya qarşı oldu. Amma bu ərəfədə İlham Əliyev Moskvada Rusiya və Azərbaycan arasında əməkdaşlıq müqaviləsi imzaladı. Daha sonra təbii qazın verilişi ilə bağlı Qərblə fərqli razılaşmalar əldə etdi, Ursula von der Leyenin sadiq dostuna çevrildi. Eyni zamanda Fransa ilə qarşıdurmaya başladı.

Bəs biz nə etmişik? Tək etdiyimiz şey bölgədə vəziyyəti ələ almağa çalışan Rusiyaya qarşı kəskin düşmənçilik bəsləməkdir. 2020-ci ildən bu yana heç bir ciddi dəyişikliyə nail ola bilməmişik. Sadəcə, 2021-ci ildə çox mənasız bir seçki kampaniyası keçirdik. Özümüz də bilmədən növbəti müharibələrə, itkilərə səs verdik. Anlamalıyıq ki, mövcud İrəvan hakimiyyətinin sülhlə heç bir əlaqəsi yoxdur, onların məqsədi müharibədir”.

Ayşən Mustafa
Globalinfo.az