Ərdoğan Makronu bitirir – Türkiyə prezidentinin çıxışı Fransada siyasi zəlzələ yaradıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fransa Prezidenti Emmanuel Makronu sözün əsl mənasında ağ yuyub, qara sərdi. R.T.Ərdoğanın açıqlamasında bir sıra məqamlar diqqət çəkir.

Birincisi, Ərdoğan qeyd edib ki, Makron Fransa parlamentində nüfuzdan düşüb: “O, sadəcə prezident vəzifəsində qalıb. Fransa daim reputasiyasını itirir, beynəlxalq aləmdə də imici zədələnir”.
Prinsip etibarilə bu belədir.

Makron ikinci dəfə Fransa prezidenti seçilsə də birinci səlahiyyət müddətindən daha ciddi səhvlər edir. Xüsusilə də xarici siyasətdə sərgilədiyi anti-Türkiyə və anti-Azərbaycan mövqeyi onun daxili prestijinə də ciddi təsir edir.

Fransa prezidenti Türkiyənin NATO üçün nə dərəcədə önəmli bir ölkə olduğunu bilə-bilə rəsmi Ankaranı NATO-dan çıxarmaq üçün əlindən gələni edir. Bəzən isə buna nail ola bilməyəcəyini anlayan Makron NATO-ya alternativ Türkiyənin olmadığı Avropa Birliyi ordusu yaratmağı təklif edir.

Makronun anti-Türkiyə siyasəti öz növbəsində Ankaranın strateji tərəfdaşı və müttəfiqi Azərbaycana da təsir edir. Böyük ölçüdə erməni diasporu və lobbisinin əlində oyuncağa çevrilən Makron Azərbaycan əleyhinə bir neçə dəfə həm Fransa parlamenti səviyyəsində, həm də BMT TŞ səviyyəsinə addımlar atıb. Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə və bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə buna misal ola bilər.

Xüsusilə dekabrın 20-21-də Fransa və Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-na təqdim etdiyi ermənipərəst bəyanatın qəbul edilməməsi Fransanı nüfuzdan saldığı kimi Makrona qarşı da ölkə daxilində ciddi narazılığın yaranmasına səbəb oldu.

Makronun ard-arda Türkiyə və Azərbaycan tərəfindən diplomatik arenada məğlub edilməsi, Türkiyə prezidentinin dediyi kimi onun Fransa parlamentində nüfuzdan düşməsinə səbəb olub.

İkincisi, R.T.Ədoğan qeyd edib ki, E.Makron ölkəsində, o cümlədən parlamentdə, Fransa özü isə Afrikada etibarını sürətlə itirir.

Prinsip etibarilə bu belədir. Fransa faktiki olaraq hələ də özünü fövqəltəbii ölkə hesab edir və hər vəchlə keçmiş müstəmləkələri Mali, Burkina Faso, Toqo və s. ölkələrin daxili işlərinə müdaxilə edir.

Ümumiyyətlə, sözügedən ölkələrin bu gün siyasi baxımdan qeyri-sabit olmasının, inkişaf edə bilməməsinin başlıca səbəbi Fransadır. Rəsmi Paris elə ki keçmiş müstəmləkələrindən birinin başına güclü lider keçdiyini görür, dərhal həmin ölkədə sabitliyi pozaraq hərbi çevriliş etdirir. Bu bir daha bu ölkənin imperialist, işğalçı mahiyyətini göstərir.

Türkiyə prezidentinin dediyi kimi, “Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Burkina Faso bunun üçün Fransaya vaxt verdi. Bir aylıq icazə. “Bir ay sonra burada Fransa əsgərlərini görmək istəmirik”.

Makronun həm Afrika ölkələrinə, həm Türkiyəyə, həm də Azərbaycana sərgilədiyi mövqe onun siyasi kariyerasını bitirməsinə səbəb ola bilər.

Turan Rzayev
Globalinfo.az