
Zaman dəyişir, texnologiya inkişaf edir, informasiya ötürülməsi və qəbulu prosesi isə hər ötən gün yeni mərhələyə qədəm qoyur. Lakin bu dəyişikliklərin içində elə bir fenomen var ki, onun təsiri illər keçsə də, hələ də öz aktuallığını qoruyur. Söhbət ənənəvi mediadan gedir.
Bu gün bir çoxları ənənəvi medianı dəyərləndirərkən, onu təkcə keçmişin nostalji xatirəsi kimi görür. Halbuki ənənəvi media ictimai sabitliyin və informasiya təhlükəsizliyinin vacib dayağıdır. Xüsusilə ideoloji təxribatların, informasiyanın silaha çevrildiyi bir dövrdə, onun rolu daha da strateji xarakter daşıyır.
Ənənəvi medianın əsas dəyəri onun etibarlılıq və məsuliyyət prinsipinə əsaslanmasıdır. Bu media növündə yayımlanan məlumatlar ciddi redaksiya süzgəcindən keçirilir, faktlar yoxlanılır və informasiya ictimai rəyə təqdim olunmadan öncə dəfələrlə dəqiqləşdirilir. Təkcə bu proses belə onu cəmiyyətdə etimadlı informasiya mənbəyi kimi möhkəmləndirib. Eyni zamanda, bu media vasitələri uzun illər ərzində öz auditoriyasını formalaşdırmış, insanlar arasında dərin bir bağ yaratmağı bacarıb. Televiziyadan yayımlanan axşam xəbərləri, səhər qəzetlərini oxumaq və ya radioda günə başlamaq – bunlar sadəcə informasiya almaq vasitəsi deyil, bir çox insanlar üçün gündəlik həyat ritminin bir hissəsidir.
Ənənəvi medianın mühüm funksiyalarından biri də maarifləndirici və tərbiyəedici roldur. Televiziya və qəzetlər vasitəsilə təqdim olunan verilişlər və yazılar insanlarda sosial məsuliyyət hissini gücləndirir, vətəndaş cəmiyyətinin formalaşmasında vasitəçi rolunu oynayır. Xüsusilə regionlarda yaşayan insanlar üçün ənənəvi media hələ də birinci dərəcəli informasiya mənbəyi olaraq qalır.
Bu gün regionda və dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət fonunda informasiya təhlükəsizliyi anlayışı daha aktual hal alıb. Xüsusilə ideoloji təxribatlar yəni etnik, dini, siyasi və sosial narazılıqları alovlandırmaq məqsədi daşıyan manipulyativ məlumatlar cəmiyyətin daxildən zəiflədilməsi üçün istifadə olunur.

Maraqlıdır ki, ənənəvi media belə təxribatlara qarşı təbii immunitet sisteminə sahibdir. Daha dəqiq desək faktların yoxlanılması və balanslı yanaşma ilə ənənəvi media cavab verir. Bunun bariz nümunəsini biz 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində gördük. Belə ki, ənənəvi media orqanları televiziya, radio, qəzet və rəsmi xəbər agentlikləri ölkənin informasiya təhlükəsizliyinin qorunmasında və cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm rol oynadılar.
Müharibə dövründə dezinformasiyanın qarşısını almaq və cəmiyyətdə panika yaratmamaq üçün rəsmi və etibarlı informasiya mənbələrinə ehtiyac böyük idi. Bu boşluğu ənənəvi media uğurla doldurdu. Müdafiə Nazirliyinin, Prezident Administrasiyasının və digər rəsmi qurumların yaydığı məlumatlar əsasən televiziyalar və xəbər agentlikləri vasitəsilə ictimaiyyətə çatdırıldı. Bu, məlumat axınında vahidlik yaratdı və spekulyasiyaların qarşısını aldı.
Burada ən önəmli məqam ənənəvi medianın müharibə dövründə cəmiyyətin emosional birliyini təmin etməsidir. Televiziyalar və qəzetlər cəbhədən reportajlar hazırlayaraq, əsgərlərin qəhrəmanlıqlarını işıqlandırdı, şəhid ailələrinin real hekayələrini paylaşdı, xalqın dəstəyini nümayiş etdirdi. Bu, ölkə daxilində milli həmrəylik ruhunu gücləndirdi, vətənpərvərlik hissini isə daha da alovlandırdı.
Azərbaycanda fəaliyyət göstərən ənənəvi media qurumları, xüsusilə rəsmi xəbər agentlikləri (Azərtac, APA, Report və s.) və bəzi televiziya kanalları, ingilis və digər xarici dillərdə də məlumat yayaraq beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini çatdırmağa çalışdılar. Bu addım, Ermənistanın beynəlxalq mediada apardığı təbliğata cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Ənənəvi media, sosial şəbəkələrdəki nəzarətsiz və tez-tez spekulyativ məlumat axını fonunda, rəsmi mənbələrə istinad etməklə informasiya intizamının qorunmasına da kömək etdi. Bu, həm cəbhə bölgəsindəki əməliyyatların sirr saxlanılması, həm də cəmiyyətin ruh yüksəkliyinin qorunması baxımından vacib idi. Jurnalistlər təhlükəli bölgələrdə çalışaraq canlı bağlantılar, reportajlar hazırladılar. Bu, həm yerli, həm də beynəlxalq izləyicilərə döyüş bölgəsindəki vəziyyəti obyektiv və operativ şəkildə çatdırmağa imkan verdi.
Ənənəvi medianın bütün bu güclü tərəflərinə baxmayaraq, zamanla formalaşan bir sıra zəiflikləri də mövcuddur ki, bunları inkişaf üçün imkan kimi qəbul etmək daha doğrudur.
Əvvəla, ənənəvi media informasiya çatdırılmasında müəyyən qədər ləngdir. Sosial media platformalarında hadisə baş verən anda yayımlanır, insanlar anındaca görüntü və məlumatlarla paylaşım edir. Ənənəvi media isə bu informasiya yarışına sonradan daxil olur. Bu səbəbdən, media qurumları tədricən rəqəmsal transformasiyanı gücləndirir. Yəni xəbərləri həm də internet resursları üzərindən paralel şəkildə yayımlayırlar.

İkinci, sosial media interaktivdir. Yəni oxucu şərh yaza, paylaşa və ya sual verə bilər. Amma ənənəvi media bu baxımdan daha qapalıdır. Halbuki bu gün media istehlakçısı yalnız dinləmək deyil, eyni zamanda fikrini bildirmək, reaksiya vermək istəyir. Bu baxımdan televiziyalar öz sosial şəbəkə seqmentlərini gücləndirməli, qəzetlər oxucularla canlı əlaqə qurmalıdır.
Üçüncü, bugünkü gənclik vizual, dinamik və qısa məlumat formatlarını üstün tutur. Onlar üçün “bir səhifəlik məqalə” artıq vaxt itkisi sayıla bilər. Ənənəvi media bu dəyişən auditoriyanı nəzərə alaraq dilini, təqdimat formasını və üslubunu yeniləməlidir.
Dördüncü, bəzi televiziya və qəzetlər rəqəmsal texnologiyalardan istifadədə geridə qalır. Halbuki bu gün mobil telefonlar, süni intellekt alqoritmləri, qrafik dizayn və podkast formatları yeni auditoriya ilə ünsiyyət qurmaq üçün ideal imkanlardır.
Azərbaycanda ənənəvi medianı qorumaq və inkişaf etdirmək məqsədilə son illərdə bir sıra hüquqi və institusional islahatlar həyata keçirilib. Bunlardan ən mühümü şübhəsiz ki, 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanundur. Bu qanunla media subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyənləşdirildi. Jurnalistlərin peşə fəaliyyətinin qorunması da hüquqi müstəviyə keçirildi. Yeni qanuna görə media reyestrinin yaradılması qanuniləşdirildi.
Ənənəvi media üçün bəlkə də ən mühüm məqam kimi medianın maliyyələşməsi, reklam bazarı, müəllif hüquqları və etik qaydalar üzrə yeni normalar müəyyən edildi.
2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılması bu sahədəki ikinci mühüm yenilik oldu. Çünki agentlik ənənəvi media orqanlarına maddi və institusional dəstək verməyə başladı. Bundan başqa jurnalistlərin peşə hazırlığı və etik standartlara uyğun fəaliyyət göstərməsini təşviq etdi. Medianın İnkişafı Agentliyi bu gün də ənənəvi media layihələrini maliyyələşdirir və infrastrukturun inkişafını dəstəkləyir.
Nəticə etibarilə bu gün ənənəvi medianın gələcəyini təmin etmək üçün müasir çağırışlara uyğunlaşmaq mütləqdir. Ənənəvi media keçmişin mirası olsa da, gələcəyin imkanlarına açıqdır. Onun əsas dəyəri yalnız informasiya verməkdə deyil, həm də etibar yaratmaqda, ictimai düşüncəni formalaşdırmaqdadır. Bu baxımdan ənənəvi medianı yalnız qorumaq yox, müasirləşdirərək yaşatmaq cəmiyyətin informasiya siyasətində prioritet olmalıdır.
Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.