
Prezident İlham Əliyevin Cəbrayılda çıxışı bir sıra önəmli məqamları ilə hələ də müzakirə edilir. Çıxışın Amerika Birləşmiş Ştatları (ABŞ ) ilə bağlı hissəsi isə daha çox diqqət çəkdi. Prezident Birləşmiş Ştatları Azərbaycana yönəlik qərəzli siyasət apardığı üçün kəskin tənqid etdi.
O, 2001-2021-ci illərdə ABŞ-ın Əfqanıstana Azərbaycan üzərindən daşımalar etdiyini xatırladıb. Bu daşımalara əsgəri heyət, hərbi sursat, kontingent üçün qida, dərman, geyim və s. humanitar yüklər Azərbaycandan quru və dəniz yolu vasitəsilə reallaşdırılıb.
Əliyev onu da xatırladıb ki, Əfqanıstandan qaçmadan öncə ABŞ Azərbaycanla münasibətləri hər zaman normal saxlamağa çalışıb. Hətta 907-ci düzəlişi hər il ertələyib. Əfqanıstandan qaçdıqdan sonra 907 yenə işə düşüb, üstəlik Vaşinqtonun Bakıya yönəlik siyasət kökündən mənfiyə dəyişib.
Təhlilçilər bu çıxışda bir məqama diqqət çəkirlər: ABŞ-ın Azərbaycana yenə işi düşəcək. Zəngəzur koridoru açıldıqdan sonra ABŞ koridorun Azərbaycandan keçən hissəsindən yararlanmağa çalışacaq. İlham Əliyev də əslində üstüörtülü şəkildə bunu xatırladıb.
Azərbaycan Prezidentinin ABŞ-a sərt ritorikasının səbəbini bunda axtarmaq olar? Özünün, ölkəsinin mövqeyi güclü olduğundan, dünyada gedən koridor savaşlarında hər kəsin Azərbaycana işinin düşdüyünü bildiyindən Birləşmiş Ştatların qarşısından çəkilmir? ABŞ-ın bu bölgədə möhkəmlənməsi üçün təkrar Azərbaycana möhtac olması fikri nə dərəcədə əsaslıdır?

Elxan Şahinoğlu
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ Cənubi Qafqazda möhkəmlənmək, maraqlarını qorumaq istəyirsə, bölgənin əsas açar dövləti Azərbaycanla münasibətləri inkişaf etdirməlidir:
“Azərbaycanla münasibətləri gərginləşdirərək bölgədə maraqlarını qorumaq mümkün deyil. Bu, Amerika Birləşmiş Ştatlarının da dövlət və təhlükəsizlik maraqlarına ziddir. Rəsmi Vaşinqtonun Azərbaycan üçün Fransadan heç bir fərqi olmayacaq. İki ölkə arasında münasibətlərdə ciddi sualların yarandığı dövrdə ABŞ Dövlət Departamentinin, Konqresin antiazərbaycan siyasətini korrektə etməsinə ehtiyac var. Konqresmenlərə izah etmək lazımdır ki, onların bu hərəkəti ABŞ-ın dövlət maraqlarına ziddir. Azərbaycanla münasibətlərin korlanması Amerika maraqlarına toxunacaq. ABŞ bölgədə sabitlik, sülh və enerji əməkdaşlığının güclənməsini istəyir. Bunların hamısında rəsmi Bakı aparıcı rol oynayır. Digər tərəfdən ölkəmizlə münasibətləri gərginləşdirərək Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. Yaxın müddətdə gərginliyi ortadan qaldırmaq üçün Bakı və Vaşinqton arasında dialoqun baş tutması da gözləniləndir”.

Elşad Məmmədov
İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Azərbaycan prezidentinin Cəbrayılda ABŞ-Azərbaycan münasibətlərinə dair çıxışı milli maraqlara söykənən, ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək yanaşmanın təzahürü idi:
“Ölkə başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan öz siyasətində milli dövlət maraqlarımıza söykənir. Rəsmi Bakı üçün beynəlxalq əməkdaşlığın məhz bu prioritetlər üzərində qurulması labüddür. Elə çox ölkə yoxdur ki, bu dərəcədə müstəqil şəkildə öz siyasətini yürüdə bilsin. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna və imicinə müsbət təsir göstərir. Bakı Vaşinqtonla münasibətlərdə qarşılıqlı hörmətin və maraqların nəzərə alınmasına söykənən siyasəti yürütməkdə davam edir. Təəssüf ki, ABŞ-ın həyata keçirdiyi siyasətdə bir çox hallarda ikili standartların, qarşı tərəfin fikirlərinə biganəliyi müşahidə edirik. Bu da sözsüz ki, Azərbaycan kimi müstəqil siyasət yürüdən, iqtisadi, siyasi potensiala malik olan ölkələr üçün keçərli deyil. Prezident İlham Əliyevin reaksiyasından da bu məlum idi. Proses ölkəmizin iqtisadi potensialı, siyasi nüfuzunda öz müsbət nəticələrini göstərəcək”.
Safura Bənnayeva
Globalinfo.az