baki irevan kollaj 1 900x543 1

Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan aktivlik, həmçinin İrəvanın sürətlə silahlanması sülh danışıqları fonunda narahatlıq doğurur.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistan hakimiyyətinin proseə yanaşmasına diqqət çəkib.

“Əgər Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil. Biz müqavilə imzalanmadan yaşaya və öz siyasətimizi apara bilərik”, – Prezident bildirib.

Sülh prosesi ilə bağlı vəziyyət nə yerdədir? Müqavilənin yaxın zamada imzalanma ehtimalı nə dərəcədə reallığa uyğun görünür?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İkinci Qarabağ müharibəsindən ötən dörd ildən artıq zaman kəsiyində sülh müqaviləsinin nə vaxt imzalanacağı məsələsi diqqət mərkəzindədir:

“On yeddi bənddən on beşinə dair razılıq əldə olunsa da, sülhə yaxın olduğumuzu deyə bilmirik. Bunun başlıca səbəbi İrəvanda revanşizmi təşviq edən faşist ideologiyasının hökm sürməsidir. Təəssüf ki, bu ideologiya həm Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətində, həm bütövlükdə siyasi elitasında, həm də erməni cəmiyyətində mövcuddur.

Digər tərəfdən isə bu ölkənin sürətli şəkildə silahlandırılmasını təmin edən güc mərkəzləri də sülh danışıqlarına birbaşa mane olan tərəflər qismində çıxış edirlər. Belə olan halda Ermənistanın real sülh prosesinin iştirakçısı olduğu iddia edilə bilməz”.

Politoloq qeyd edib ki, Prezidentin yerli televiziya kanallarına sonuncu müharibəsində proseslə bağlı önəmli mesajlar var:

“İlk olaraq qeyd etmək lazımdır ki, dövlət başçısı açıq və konkret şəkildə Ermənistan və onun arxasında dayanan qüvvələrin mövqeyindən asılı olmayaraq tələblərimizin hər hansı birinin təmin olunmadığı natamam sülh müqaviləsinin imzalanmayacağını bir daha bəyan etdi. Yəni Ermənistan konstitusiyasında müvafiq dəyişiklikləri edəcək və ATƏT-in Minsk qrupu mütləq şəkildə ləğv olunacaq. Bu, bizim konkret tələblərimizdir. Ermənistanın isə əsas hədəfi öz himayədarlarının hərbi, siyasi və mənəvi dəstəyilə sülhdən, həmçinin götürülmüş öhdəliklərin icrasından yayınmaqdır.

Ayten Qurbanova 1532
Aytən Qurbanova

Bu, ənənəvi “erməni təfəkkürü”dür. Onun digər tərəfi də daima işğalçılıq meyillərini özündə ehtiva edərək regional təhlükəsizliyə təhdidlər formalaşdırmasıdır. Bu hər zaman belə olub. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın son günlərdə paylaşılan məlum çıxışı da buna bariz nümunədir.

Ermənistanın bütün hərbi-siyasi hakimiyyətləri eyni işğalçılıq ideologiyasının daşıyıcısı və imperialist maraqların xidmətçisi olub. Cənab Prezidentin müsahibə zamanı sülh prosesi və İrəvanın əsl mahiyyəti ilə bağlı verdiyi ətraflı cavablar göstərir ki, ermənilər, ümumiyyətlə, sülh anlayışından çox uzaqdırlar.

Politoloq vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi:

“Məhz ona görə də Prezident İlham Əliyevin Ermənistanın hərbi-siyasi hakimiyyətinin 44 günlük Vətən müharibəsinin və antiterror tədbirlərinin nəticələrini ciddi qəbul etmələrinin zəruriliyi ilə bağlı xəbərdarlığı mühüm əhəmiyyət kəsb edir.

Həmçinin kollektiv Qərbin məkrli niyyətlərini və İrəvana qarşılıqsız dəstəyini xüsusilə vurğulayan dövlət başçısı Azərbaycanın ədalət mübarizəsinin sadəcə Ermənistanla deyil, ümumilikdə qlobal sistemin ikili standartlara və ayrı-seçkiliyə əsaslanan güc mərkəzləri ilə olduğunu bir daha açıq və konkret şəkildə bəyan etdi”.

Rövşən Rza
Globalinfo.az

Paylaş: