Zəlimxan Məmmədli Əli İnsanovu tənqid edənlərə sərt cavab verdi

“Partiya sədri Əli İnsanov İdarə Heyətinin qərarını elan edib və əsaslandırıb. Bu, doğru qərardır və indiki zamanda millətimizin, dövlətimizin maraqlarına hesablanıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli sabiq səhiyyə naziri Əli İnsanovun rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxış zamanı Prezident İlham Əliyevin mövqeyini dəstəkləməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, millətin və dövlətin maraqları olan yerdə firqə marağı ola bilməz:

“Bu gün Azərbaycanı bürümüş düşmən torundan itkisiz qurtulmaq üçün siyasi uzlaşma, konsolidasiya çox vacibdir. Bu vacib və cəsarət tələb edən qərarı biz vermişik. Bəzi qüvvələrin narahatlığında obyektiv tənqid olsa da, əsasən özlərini şəriksiz lider hesab edən müəyyən müxalif partiya yönəticiləri tərəfindən idarə olunan qara piar kampaniyası da göz önündədir. Bu, firqə maraqlarına hesablanan uğursuz yoldur. Biz isə doğru bildiyimiz yolu getmək əzmindəyik”.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxış edərkən deyib ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir: “O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik”.

Turan Rzayev
Globalinfo.az