Əkbər Qoşalı ilə 50 ilin söhbəti – FOTOLAR

Nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalının 50 yaşı tamam oldu. Bu əlamətdar gün və yubiley münasibəti ilə Globalinfo.az Azərbaycanın dəyərli oğlu, ölkənin fədakar aydını Əkbər bəydən geniş müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Əkbər bəy, sizi 50 yaşda xoş gördük. Ciddi tarixdir, möhtəşəm rəqəmdir. Möhtəşəm 50 il də demək olar. Buralara necə gəldiniz? Sizin-bizim gəncliyimiz Azərbaycanın ən təlatümlü dövrünə düşdü. Ölkə daxilində siyasi çaxnaşmalar,  müharibə, işğal, məğlubiyyət… Bütün bunlar ömrün gənclik illərini bıçaq kimi kəsib keçdi. Taleyinizdə bu neqativlərin nə kimi rolu oldu? Siz ilk gənclik illərindən ictimai-siyasi fəal birisiniz. Gənclər hərəkatının liderlərindən olmusunuz. 50 yaşlı Əkbər Qoşalı iyirmili yaşlarındakı Əkbərlə danışırmı, söhbətləşirmi? Hansı Əkbər daha çılğındı, hansı Əkbər daha müdrikdir, hansı Əkbər daha qalibdir?

– Saytınızın adı kimi qlobal, sizin sözünüzlə desək, möhtəşəm sualınız üçün könül dolusu təşəkkürlər edir, əsənliklər diləyirəm. Bizim gənclik dövrünü, təlatümlü ömrümüzü çox yaxşı təsvir etdiniz. Doğrudan da, il ilə, gün günə sığmayıb – bu mənzərəni bəlkə indi daha aydın şəkildə görə bilir, idrak edə bilirik. Hər dövrün özünəxas hadisələri, gedişatları – ustad Zəlimxan Yaqubun sözü ilə desək, zərif döndərmələri, incə xalları olub, ancaq 90-cı illərdən üzü bəri olanları başqa qərinələrlə qiyaslasaq son 30-33 ilimiz əlahiddə mövqe qazanar. Beləliklə, ötən üç onillik boyunca necə təlatümlü, keşməkeşli dönəmdən keçdiyimizi böyük tabloda incəliyinədək görmüş olarıq. Sizin təsviri təkrar etmirəm, qəbul edirəm və vurğulamaq istəyirəm ki, işin içində bir də, özünün ucqar dağ kəndində böyümən, paytaxtı yalnız orta məktəbin son sinfində görmən və də o uzaq, ucqar kənddən respublikanın ən qaynar, ən böyük şəhərinə gəlmən ümumittifaq, elə ümumdünya miqyaslı dəyişimlərlə paralel cərəyan edirsə, tam başqa durum hasil olmuş olur. Biz sovet plan-proqramı, dərsliyi, cədvəli ilə böyümüşdük – məlumunuz, o illərin öz formulları vardı: orta məktəbi yaxşı qurtarmısansa, ardınca ali təhsil, məzun olunca təyinat, iş, sonra mənzil və işdə yüksəliş imkanları… Bəyənsək də, bəyənməsək də, hətta dağılmasına xidmət edən hərəkatın sıra nəfəri olsaq da, sovet sisteminin öz sosial gerçəklikləri vardı və bizlər də o gerçəkliklərə uyğun ictimai-siyasi mühitdə böyümüşdük. Özümüzə uyğun arzularımız, qanadımız, üfüqümüz vardı. Amma hələ paytaxta gəlməmişdən arzu arzuluqdan, qanad qanadlıqdan, üfüq də öz “yatağ”ından çıxmaqdaydı, təzadlar dönəmi başlamış, suallar çoxalmışdı. Bəlkə böyüklərə, müəllimlərə bəzi sualları verə bilmirdik, yaxud istədiyimiz cavabları ala bilmirdik, lakin o suallar beynimizdən itmirdi, özümüz illah bir cavab bulmağa çalışırdıq. O cavabları bəzən tapır, bəzən tapa bilmirdik. Anlayırdıq ki, bulduğumuz bəzi cavablar mövcud plan-proqramla, “sovet gənci”nin yol xəritəsi ilə, arzular ilə tərs düşür. Beləliklə min bir sualla kənddən şəhərə dəyişən həyatımız, imperiyadan müstəqil respublikaya keçid sürəci ilə paralel axış içindəydi. Üstəlik, müstəqilliyin sevincini dadmamış, necə deyərlər, zövqü-səfasını görməmiş dərd-dərd üstünə gəldi, torpaqlarımız işğal olundu, soyqırım aktları baş verdi, yenə suallar artdı, cavablar azaldı… Günlər gah çox ağır, hərdən çox sürətli keçdi bəlkə. Bir də baxdıq, dərdimiz, suallarımız bizimlə birgə məzun oldu – biz ali məktəbdən, onlar ömrün cavab gözləmə mərhələsindən… Ali məktəbi bitirmisən, özü də fərqlənmə diplomu ilə bitirmisən, amma ixtisasına uyğun iş nə gəzir?.. Zatən tələbəliyin ilk aylarından qaynar siyasi mühitin, bir də sövq-təbii ədəbi mühitin içindəsən və mühəndislər içində siyasətçi, şair, siyasətçilər içində mühəndis, şair, şairlər içində siyasətçi, mühəndissən.

– Mühəndisliyi hər dəfə niyə vurğulayırsınız?

– Bu ixtisas əsil türk xarakterinə çox yaxındır; hətta mənim şeirlərimi oxuyan təfəkkür sahibləri, necə deyərlər, o ixtisası, xarakteri, simmetriyanı, nizamı və də alqoritmi həmişə vurğulayıblar. Yeri gəlmişkən, mənim oxuduğum Politexniki – indiki Texniki Universiteti qurtarmış bir neçə qələm sahibini yada salaq: Vaqif Bayatlı Odər, Vahid Əziz, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Novruz Aslan, Elçin İsgəndərzadə, Hamlet Kazımoğlu, Elxan Zal Qaraxanlı, Füzuli Sabiroğlu, Nurafiz,  Xaqani Abbasəli Öztürk, rəhmətlik Gülbala Mehdi və b… Necə deyərlər, Politexnik mühəndisdən çox şair yetişdirib. Əlbəttə, bu cümlədə zarafat var, bununla belə, Politexnikdəki mühit, yaxud mühitin Politexniki də var, ayrıca hər yazarın öz taleyi var. Bu qələm sahibləri bir başqa ali məktəbi də qurtarmış ola bilərdi, yolları bir başqa cür ola bilərdi, amma yazan belə yazıbmış…

– Politexnik Universitetini bitirdiniz və…

– Bəli, fərqlənmə ilə qurtardğım Politexnik məni ictimai-siyasi proseslərin, ədəbi həyatın içinə göndərdi. Gənclər təşkilatlarının quruculuğu, ədəbi məclislərin təşkili… derkən bir də Gənclər-İdman Nazirliyindən iş dəvəti aldım, getdim, hələ gənc ikən bir neçə il nazirlikdə Gənclərlə iş üzrə Baş idarədə çalışdım…

Uzun sözün qısası, 50 yaşa gəlib çatınca, məşhur ifadə ilə desək, “geriyə baxma, keçmiş gənc” də dediyim olur, kövrəldiyim, dolduğum, qəzəbləndiyim, “elə olmasaydı-belə olmazdı”-filan dediyim də olur, təbii. Bütün hallarda, bu məsuliyyətli yaşa dolmuşuqsa, yaşın gərəyini verməyə borcluyuq. Nə olub-olub, dünən dünəndə qaldı, bu günün ömrü bu güncədi, sabaha boylanmaq, gələcəyi inşa etmək lazımdır… Çox şükür, Sizin də vurğu etdiyiniz kimi, biz bu gün qalib ölkənin vətəndaşlarıyıq. Qürurluyuq, başımız ağ buludlardadır.

Bilirsiniz, mən heç zaman təmtəraqlı ad günü keçirməmişəm. Bizim uşaqlıq, yeniyetməlik illərində el-obamızda ad günü keçirmək gələnəyi, demək olar, yox idi. Sonra olanlar oldu, ad günü ha yada düşmürdü… 30-larda, bundan daha çox 40-larda həyəcan vard,ı amma ürəyimdən ad günü qutlaması keçmirdi. 40 yaşım olanda dost-tanış, eloğlular, qələm yoldaşları mənli-mənsiz “Turan” restoranında süfrə açdılar, aşıq məclisi quruldu, o günə də damğasını Aşıq Əli Ürfanın “Dilqəmi”si vurdu. Əgər bir yubiley tədbirində “Dilqəmi” çalınırsa, mövzu-bəhs ayındır, elə deyilmi? O ifaya Yutubda baxa bilərsiniz – ustad qan eləyib. Həmin ifanın linkini təqdim edirik:   https://www.youtube.com/watch?v=zMuLhkECCuI

İndi gəlib 50-yə çatımışıq, ata-ana haqq dünyasında, övlad bu gün-sabah evlənəcək və sən aranı-dağa, dağı-arana daşımaqdan bir hovur nəfəs almaq istəyirsən. Haqq dünyasındakılara rəhmət, gənclərə xoşbəxtlik dilərkən, həyatımın məhz bu yubiley ilində, öncələr olmamış salğar, nizam, ölçü-ülgü görürəm. Bu yalnız yaşın özü ilə deyil, Zəfər qazanmış ölkənin vətəndaşı olmağımızla da sıx bağlıdır, əlbəttə. Dövlətimiz zaval görməsin!

– Sizin Türk dünyası ilə əlaqələriniz, bu sahəyə diqqətiniz  gənclik dövrünüzdən başlayıb. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaradıcısı, uzun müddət başqanı olmusunuz. O dövrkü gənclikdə romantizm daha güclü idi. Ölkəni, hətta dünyanı qurtaracaq iddialarda bulunurdu 90-ların gəncliyi. Bu təşkilat da romantizmdən doğan bir ideya olub, yoxsa başqa bir məntiq vardı yaradılmasında?

– Maraqlı sualdır. Bu gündən baxanda, romantikaymış, o dönəmdə mənəvi ehtiyac, ürəyimizin diqtəsi olmanın yanısıra, şüuraltı ilə, bəlkə inersiya ilə zamanın diqtəsi imiş, qaliba. Doğrudan da, Tanrı bizi qutlu yola çıxarıb, irəlilədib və uğur qazandırıb. Taleyi DGTYB-dən keçən Türk dünyası gənclərinin ciddi uğurlarına sevinirəm, duyğulanıram – məgər özümüz də bilmədən necə talelərə təsir etmiş, müsbət anlamda, necə ömürlərə toxunmuşuq… Əgər bir qazaxla bir başqurdu, bir qırğızla bir tatarı, bir balkanlı ilə türküstanlını, anadolulu ilə güneylini, nə bilim, daha kimləri, haraları Tanrı bizim əlimizlə, yolumuzla, könlümüzlə tanış edibsə, demək, Tanrının yadında olmuşuq, güvənində olmuşuq… Neçə-neçə layihəni, kitabı, ideyanı, sözü məhz biz gündəmə gətirmiş, məhz biz ictimai fikrə qazandırmışıq. Çox şükür, ömrümüz fot olmayıb.

DGTYB üzvü olmuş hələ də üzvü, yaxud fəxri üzvü olan yazarlarsız ədəbi mühitimizi təsəvvür etmək çətindir. Bu cümləni ayrı-ayrı türk ölkə və topluluqları üçün də, ümumən Türk dünyası üçün də, qarşılıqlı ədəbi əlaqələr üçün də qura bilərik. Sizə çox iddialı görünməsin, səmimi deyirəm, Türk dünyası ədəbi gəncliyi, ədəbiyyatı ilə bağlı hər hansı ciddi ictimai layihə varsa, o, DGTYB-siz, DGTYB-lilərsiz çətin baş tuta, çətin uğur qazana…

DGTYB indi elmi-tədqiqat əsərlərinə mövzudur, DGTYB bir brenddir, bir ocaqdır. Elə bilirəm, o ocaq bundan sonra da güvənli əllərdə gur yanacaq.

– Hazırda Türk dünyasının coğrafiyası ilə əlaqələr güclənib, genişlənib. Sizin türk cümhuriyyətləri, türk toplumları ilə yüksək əlaqələrinizin olduğu hər kəsə bəllidir. Bu əlaqələr daha çox mədəniyyət, ədəbiyyat, sənət üzərində formalaşıb.  Dəyərləndirməniz necədir bu istiqamətdə?

– Türk dünyası ədəbiyyatına coğrafiyamızın özü qədər geniş amillər təsir edir; biz çalışmışıq, yaxud o çalışanlar qrupuna aidik ki, ədəbiyyatımız özü təsir oyatsın, dalğa yaratsın, nələrisə dəyişsin, nizamlasın. Coğrafiya o qədər böyükdür – maşallah olsun və də inşallah gələcəkdə daha sıx birlik içində olsun – bu coğrafiyanın ədəbiyyatı elə Dünya ədəbiyyatı miqyasında şərh oluna bilər: türklərin Dünya ədəbiyyatı. Bilirsiniz, mən Azərbaycan Yazıçılarının son üç Qurultayında məruzəçi olmuşam və son iki qurultaydakı məruzəm “Türk dünyasında ədəbiyyat… Ədəbiyyatda Türk dünyası…” adlanırdı; yəni mövzunu bir xeyli öyrənmişəm və gücüm yetdiyincə araşdırmışam. O məruzələr haqqında çox ciddi ədəbiyyatçılar, ədəbiyyatşünaslar mötəbər söz deyib, elmi əsərlərdə istinad olunub, tirajlanıb, özü qaynağa dönüşüb və Xalq yazıçısı Anarın sözü ilə desək, “model məruzə” statusu qazanıb. Ötən ilin yazında – 28 apreldəki məruzəmdə yeni Türk xalqları ədəbiyyatı dövrləşməsi təklifi ilə çıxış etmiş, ötən ilin payızında isə həmin dövrləşməni Türküstan şəhərində “Türk dünyasının 2040 vizyonu” seminarında Türk dünyası ədəbiyyatçıları, alimləri qarşısında tanıtmışam. Yəni, Türk dünyasının fərqli coğrafiyaları ilə ilişkilərin güclənməsi, necə üfüqlər qazanması, qarşılıqlı bağlar, bu bağların daha çox mədəniyyət, ədəbiyyat, sənət üzərində formalaşmasının dəyərləndirməsini ölkəmizin ədəbi ictimaiyyətinə məruzə etmişəm.

Bunlar öz yerində, əgər vaxtımız varsa, mövzu üzərində bir qədər geniş dayanaq, mən də sözügedən məruzədən çıxış edərək, bəzi fikirlərimi bölüşüm.

–  Buyurun.

–  Təşəkkür edirəm. Bəli, öz dədə-baba torpaqlarında yaşayan türk xalqlarının çox geniş coğrafiyası zaman-zaman ədəbiyyatda, mədəniyyətdə, bir sözlə, yaşamda öz müsbət və mənfi təzahürləri ilə səciyyələnib. Örnəyi, Güneydən-Quzeyə, Gündoğardan-Günbatara keçidlərin, böyük köçlərin güzərgahı olmuş qaynar Qafqazlardan fərqli olaraq, burdan çox uzaqlardakı Saxa-Yakutiyada uzun, soyuq qış gecələrinin hüznü poeziyaya sanki bir nağıl kimi hopub. Saxa haqqında təsəvvürləriniz necədir? Qismət olub, o gözəl torpaqlara iki dəfə səfər etmişəm, sizə də qismət olsun. Bəlli olduğu kimi, Saxada milli ərazi çox böyükdür, lakin əhali çox az, qışlar uzun, yazlar qısa, doğma qardaşlarsa xeyli uzaqdır… Öz ilkin dini inancı ilə xristian dini inancının, üçqatlı dünya inanc sistemi ilə “Tanrının oğlu İsa”nın adına bağlı olan təlimin Saxa ədəbiyyatında interperetasiyalara gətirib çıxardığı aydın görünür. Saxa ədəbiyyatı sözdən artıq səs kimi gəlir adama. – Elə bil Şaman qımqımısı, gümüldənməsi, sözsüz danışmasıdır… Uzaqdakı qardaşımızın ədəbiyyatının klassiki, repressiya qurbanı Platon Oyunskinin Azərbaycanda ilk dəfə bizim tərəfimizdən gün üzü görmüş “Qırmızı şaman”ı ilə, ümumən əsərləri, özkeçmişi ilə tanış olduqca, Türk dünyasının XX yüzildə yaşayıb-yaratmış başqa bir mütəfəkkir ədibi – Hüsyen Cavid (və Cavidin yaratdığı obrazlar) gözlərimiz önündə canlanır. Aida Eyvazlı Göytürkün sözü olmasın, nə təvafüqdür ki, hər iki mütəfəkkir ədibin aqibəti eyni olub, hər ikisi repressiyaya məruz qalıb, hər ikisi İrkutskda öldürülüb… Hər ikisi 1955-ci ildə bəraət alıb. Talelərinin başqa bir oxşar cəhəti də ibrətamizdir: Cavidin qızı Turan Cavid və Oyunskinin qızı Sardana Oyunski! – Hər iki xanım öz atasının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmayıb…

Saxa-Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyevanın kitabını çıxarmaq, təqdimatını keçirmək də bizə nəsib olub. Bu 5 il öncəydi. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Akademik Nizami Cəfərovun o vaxt “Ədə­biyyat qəzeti”ndə yayınlanmış “Türk poe­ziyasının yakut-saxaca döyünən ürəyi” adlı yazısında, Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabçasındakı şeirlərinə istinad olunmuşdu. Akademik şairin mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsini, bununla belə, ruhuna çağdaş düşüncə texnologiyaları hopmasını fərqləndirmişdi. Natalya xanımın üslubunu Oljas Süleymanovun üslubuna bənzədən Akademik, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə çağdaşlığın son dərəcədə zərif, həssas, eyni zamanda “akademik sistem”ə çevrilmiş mükəmməl harmoniyasının varlığından söz açmışdı.

Saxadan başlamış Tatarıstanadək olan Sibir coğrafi­yasındakı azsaylı türk xalqlarının ədəbiyyatı ritm etibarı ilə musiqilidir, nəğmə türündədir. Sibir türküləri ilahi həsrəti bəsləyir, səsləyir…

Bəli, coğrafiyanın ənginliyi bir yandan, müstəqil dövlətə malik olmamanın darlığı digər yandan, soyuqlar bir tərəfdən, isti ürəklər digər tərəfdən, unudulmaqda olan bir çox milli gələnək-görənəklər bir səmtdən, plan-proqramlı hakim direktivlər digər səmtdən söz sənətini də basınca cəlb edir…

Orta Asiya ədəbiyyatında basıncı bir qədər başqa şəkildə hiss edə bilərik: bir yanda nüvəli Çin, bir yanda nüvəli Rusiya – hər ikisi BMT Təhlükəsizlik Şurasının daimi üzvü, birinin ərazisi ən böyük, digərinin əhalisi ən çox… Və hər ikisindən Türküstana ictimai-siyasi təhdidlər sıradan çıxmış sayılmazkən, türküstanlıların əsas dirəniş gücü sənətdə, ədəbiyyatda, tarix şüurunda toplanır. Heç təsadüfi deyil ki, Özbəkistanda Əmir Teymur kultu, Babur  yaddaşı “Gələcəyi Böyük Dövlət” şüarını meydana çıxarıb; təsadüfi deyil ki, Türkmənistanda yeni dönəm tarixi “Altın asr” olaraq ifadə edilir. Qazaxıstan daha böyük torpaqlara malikdir. Qazax dövlətçiliyi ilə bağlı Quzey qonşusundan gələn açıq-gizli təhdidlərə qarşılıq olaraq, qədim Qazax xanlarının adı, qəhrə­manlığı, onların obrazı ədəbiyyat əsərlərində yenidən tirajlanmaqdadır.

Qırğızlarsa “Manas”dan və Çingiz Aytmatovdan yalnız ilham almır, həm də güc alır. “Manas” dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, qutsal ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mü­barizəyə çağıran, türk xalqlarının həyat və məişətini, gələnəyini, torpaq sev­gisini özündə ya­şadan dastan, akından-akına keçərək, varian­t­lılıqlar da qazanaraq günümüzə yetişib. Sizə şəxsən şahidi olduğum bir hadisəni danışım. 2019-cu il aprelin 6-dan 10-dək Özbəkistanın Termez şəhərində düzənlənən Beynəlxalq Baxşi (Aşıq) sənəti festivalındaydıq. Bir qırğız manasçısı reqlamenti çox keçmişdi. Onun cezvalandığını görüncə, təşkilatçılar müdaxiləyə məcbur qalıb, iki qoluna girərək, onu ühulət-suhulətlə səhnəarxasına apardı. Sakitləşdikdən sonra sənətçidən nə baş verdiyini öyrənməyə çalışdıq, belə izah etdi ki, əsl manasçılarda cezvalanmaq, bayılmaq rast gəlinən haldır. Bugünlərdə Bursada qırğız manasçısı Rısbal İsakov 6 gün – 6 gecə dastan söyləyərək Ginnesin Rekordlar kitabına düşdü.

Nə başınızı ağrıdım, Türküstan, Sibir elləri, digər türk coğrafiyaları ilə uzunmüddətli, sistemli ədəbi işbirliyi gərəkməkdədir. İndi TÜRKSOY var, Beynəlxalq Türk Akademiyası var, Türk Mədəniyyəti və İrsi Fondu var və ən əsası Türk Dövlətləri Təşkilatı var. Yəni yox yoxdur, var var. Siyasi iradə var, ehtiyac var, işləmək istəyənlər, sevdalılar, peşəkarlar var, deməli, ədəbi ilişkilər getdikcə güclənəcək, yeni meyvələr verəcəkdir.

– Türkiyə və Azərbaycan əlaqələri, prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin münasibətləri, Türkiyə və Azərbaycan toplumlarının inteqrasiyası hazırda Türk dünyası üçün ciddi motivasiyadır, örnəkdir. Bu həm də sizin işinizi hardasa müəyyən qədər asanlaşdırır desək, o qədər yanlışa yol vermərik. Sizin dəyərləndirməniz necədir?

– Gördüyünü kimi, mən bir öncəki suala cavabda vurğunu Orta Asiyaya saldım. Bu da təsadüfi deyil. Türkiyə həmişə müstəqil olmuş qardaşımızdır; Azərbaycan-Türkiyə qardaşlıq, qonşuluq, dostluğu isə bənzərsiz hadisədir. Özəlliklə Şuşa Bəyannaməsi bütün dövlətlər üçün qardaşlığın yüksək təntənəsini hüquq müstəvisində şəkilləndirmək, maddiləşdirmək üçün bir modeldir, örnəkdir. Siz düzgün vurğu edirsiniz, Əliyev-Ərdoğan qardaşlığı, Azərbaycan-Türkiyə qardaşlığı digər qardaşlarımız üçün də örnək alınır, istinad olunur və biz bu örnək almanı, istinadı artıq praktik olaraq görürük. 44 günlük müharibədəki Zəfərimizdən, özəlliklə Şuşa Bəyannaməsindən sonra Orta Asiyadakı qardaş ölkələrimizin öz aralarında, Azərbaycanla, Türkiyə ilə necə daha da yaxınlaşdıqlarını, münasibətləri daha üstün qata qaldırdıqlarını danılmaz faktlar təsdiq, təsbit edir. Türkmənistanla Azərbaycan “Kəpəz”dən, “Sərdar”dan “Dostluğ”a keçdi, adıkeçən yatağın birgə istismarını razılaşdırdı; Özbəkistan-Qırğız Respublikası arasındakı bir sıra anlaşmazlıqlar, o cümlədən su qaynaqlarından istifadə ilə bağlı razılıqların əldə olunması; Qazaxıstan-Türkiyə, Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinin yeni nəfəs qazanması, Özbəkistan-Türkiyə, Qırğız Respublikası-Azərbaycan münasibət­lərinin öncəki illərdən önəmli ölçüdə fərq nümayiş etdirərək daha yuxarı dərəcə qazanması və nəhayət, Türk Dövlətləri Təşkilatının yaradılması! Ərəb demiş, bu aləmdə təsadüf yoxdur, hər nə olsa təvafüqlükdəndir, əgər belə olduğunu qəbul ediriksə, o zaman təvafüqlüyün özü-özəyi Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfəridir! O Zəfər ki, qazanılması sürəcində Azərbaycana Türkiyənin əvəzsiz mənəvi, siyasi-diplomatik dəstəyi dillərdə dastan oldu.

– Siz özünüzü cəmiyyətə necə təqdim etməyi xoşlayırsınız: şair, publisist, jurnalist ya siyasətçi?

-Niyəsiz-necəsiz qoşa ad yetər: Əkbər Qoşalı.

– Müasir Azərbaycan poeziyası Əkbər Qoşalıya görə 10 ballıq şkala ilə neçə balda qərarlaşıb? Neçə verərdiniz? “5” düşürmü poeziyamıza heç olmaya?

– Ədəbiyyatımızda ən yüksək bal məhz poeziyamıza düşür. Çağdaş poeziya dedikdə, baxır hardan bərini götürürsüz? Bilirsiniz, artıq çağdaş dönəm daxil olmaqla, ədəbiyyatımızın dövrləşməsi, təsnifatlaşdırılması baxımından yeni akademik yanaşma, yaxud münasibətlər vardır və onları da əlavələrlə, mükalimələrlə zənginləşdirmək mümkündür. Bir az konkretləşdirsək və şəxsi mülahizəmi də ifadə etmiş olsam, çağdaş poeziya təyinini 90-cılar ədəbi nəslindən başlamaq olar. Doğrudur, bütün bölgülər şərti xarakterli sayıla bilər, iki fərqli bölgünün əsaslandırmasına baxsaq, hər ikisinə haqq verdiyimiz hallar ola bilər. Müzakirələr,  debatlar və obyektiv tədqiqatlar ən ortaq məxrəcə gəlməmizi təmin edir.

– Poeziya insanının Milli Məclisdə təmsilçiliyi hər zaman mübahisəli olub. Bəxtiyar Vahabzadə, Musa Yaqub, Əkrəm Əylisli, Cabir Novruz, Zəlimxan Yaqub, Anar, Yusif və Vaqif Səmədoğlular… – Bunlar Azərbaycan poeziyasının və nəsrinin nəhəng simaları sayılır; lakin parlamentdə təmsil olunanda bir-iki istisna xaric, “şairin, yazıçının siyasətdə nə işi var, getsinlər şeirlərini, romanlarını yazsınlar” irad-təklifini çox eşitmişik. Bu iradı haqlı sayırsınızmı? Və Əkbər Qoşalı öz yerini siyasətdə necə görür?

– Milli Məclisdə şair-yazıçının üzv olması nəinki irad mövzusu olmalı, tam tərsinə, təqdir görməlidir. Yanlış xatırlamıramsa, Xalq şairi Nəriman Həsənzadənin sözüdür, Sovet illərində “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoruna ünvanlanan vətəndaş məktubları o dövrün nazirlərinə, deputatlarının hamısına yazılan məktublardan çox olarmış… Biz xəmiri ədəbiyyatla, sənətlə, mədəniyyətlə yoğrulmuş xalqıq. Günümüzdə hər nə qədər digər əməli fəaliyyət sahələri zaman-zaman öncüllük, aparıcı mövqe qazanmış olsa da, ədəbiyyat heç zaman sonuncu yerə düşmür, özünəməxsus yetkisini, mənəvi statusunu itirmir. O üzdən siyasətdə, hüquqda ədəbiyyatçının sözü nizama, anlaşmaya xidmət edir deyə düşünürəm. Düşünürəm ki, seçicilərin hüququna, seçim haqqına sayğımızı gözardı etmədən, parlament gələnəyimizi davam və inkişaf etdirərək, qələm adamlarının təmsilçiliyinə məhəbbətlə yanaşmalıyıq. Qaldı, özümü siyasətdə görməyim mövzusuna, hər nə qədər deyilmiş söz olsa da, burada biz də təkrar edək: sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq… Bizim bu müsahibənin gerçəkləşdiyi gün ərəfəsində və elə gün içində də artıq neçənci partiyanın öz fəaliyyətinə xitam verdiyini eşitməkdəyik, demək, yeni siyasi mədəniyyət standartları oturuşur, real siyasi gücü, çəkisi olan partiyalar meydanda qalacaqdır; belə olunca, fəaliyyəti dayandırılmış partiyaların az-çox fəalları da digər partiyalara yazılacaq, siyasi yarış daha olumlu müstəvi qazanmış olacaq. Ona görə də, qarşı dönəm, sayı azalan, gücü artan partiyalarla yeni dönəm olacaq deyə bilərik. Yəni siyasi gündəm canlanınca, bizim kimi bitərəflərin də siyasətlə daha çox maraqlanması, siyasi yazılar yazması başa düşülən və sağlam gerçəklik olacaqdır.

– İlk sualda gənclik dövründə ardıcıl məğlubiyyətlər yaşadığımızı xatırlatdım. Ömrün 50-ə yaxınlaşan dövründə isə məğlubiyyətin yerini qalibiyyət əvəz etdi. Artıq Qarabağın əksər hissəsi və ətraf rayonlar işğaldan azad edilib. Orda quruculuq-bərpa işləri gedir. Köç başlayıb. Məğlubiyyətlə qalibiyyət arasında olan zaman məsafəsini Tanrının millətimizi sınağa çəkdiyi kimi qiymətləndirmək olarmı? Bu prosesin sonunu necə təsvir edirsiniz? Sizcə, Tanrımız izn verərsə, 60 yaşlı Əkbər Qoşalı ilə bu mövzularda yox, daha xoş, pozitiv mövzularda danışa biləcəyikmi?

– Heç şübhəsiz. Mən 10 il sonranın Azərbaycanını çox daha güclü görürəm. 44 günlük müharibə başlamamışdan həftələr öncə, mən qardaşınız “Ermənistanın qeyd-şərtsiz Təslim Aktı”nın layihəsini hazırlamışdım, o layihə bir neçə mətbu orqanda tirajlanmışdı. Doğrudur, o vaxt xeyli partiya sədri, millət vəkili, yazıçı-şair, QHT, KİV rəhbəri o layihəyə qeyri-real bir xəyal ürünü kimi yanaşmışdı… Vurğuladığım vəzifə, mövqe sahibləri içindən yalnız çox az sayda insan Ermənistanın Təslim Aktının layihəsinə fövqəladə yüksək qiymət vermişdi; və budur, sizin suala cavabınızda 3 il öncəki yazımı xatırlayıram, on il sonranın şəklini, dizaynını düşünürəm – düşüncəm qürur vəd edir. Uzun sözün qısası, Azərbaycanın böyük gələcəyinə inanıram. İnanıram, gün gələcək biz “hər tərəfdən öz torpaqlarımızla həmsərhədik” deməyəcəyik. Mən qəti əminəm ki, Azərbaycanın intibahı qarşısıalınmaz fazaya keçəcək və xalqımız, o cümlədən şair-yazıçılarımız, mədəniyyət işçilərimiz, sənət xadimlərimiz xarüqələr yaradacaqdır. O günə bu gündən salam-sayğılar olsun. Necə deyərlər, “Yetməsək də, görməsək də, o gün bizim günümüzdür”…

Söhbətləşdi: Azər Ayxan
Globalinfo.az