Əhalinin nəzərinə: Azərbaycanda bu taksi şirkətləri ləğv edilir, əvəzində isə… – MÜHÜM XƏBƏR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin APA-ya müsahibəsi sosial gündəmi xeyli dəyişib. İnsanlar narahatdırlar. Hamı üçün əlçatan olan taksi xidməti demək olar ki, təzədən formalaşdırılır. Hər halda nazirin müsahibəsini oxuduqdan sonra gəlinən nəticə belədir.

Sosial şəbəkələrdə, peşəkar mediada deyilir ki, taksi təsərrüfatı bir əldə cəmləşəcək. Yəni monopoliya yaradılacaq. Bu isə kasıb və orta təbəqənin sözügedən xidmətdən istifadəsini çətinləşdirəcək. İnsanlar haqsız sayılmazlar. Komfortlu, sistemli, təmiz taksi xidməti təbii ki, baha olacaq. İndiki kimi az qalsın avtobus qiymətinə olması mümkün deyil.

Hökumət bir neçə dəfə taksi xidmətində ciddi dəyişiklik etməyə cəhd göstərib. Hər dəfə də ictimai müqavimətlə üzləşib. Həssas mövzu olduğu üçün bu sahə ilə bağlı radikal addım atmaq ertələnib. Rəşad Nəbiyev də çalışıb ehtiyatlı danışsın. Müsahibədən sitat:

“Heç kəsə sirr deyil ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur. Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir”.

Fikir verirsinizsə, nazir mövzuya maraqlı giriş edir. “…ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər” deyir. Taksi xidmətinin nümayəndələri hər zaman bu məsələdən narazılıq edirlər. Haqlıdırlar. Dünyanın heç bir ölkəsində bu cür ucuz taksi xidməti tapmaq mümkün deyil.

Nazir ardınca ikinci tərəfin – sərnişinlərin hər zaman şikayət etdikləri məsələyə diqqət çəkir: “Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur”. Necə deyərlər, dəqiqə 1, qol 1.

Sürücülərin və sərnişinlərin hər gün şikayət etdikləri məsələdən yola çıxmaq yaxşı haldır. R.Nəbiyevin səmimiliyinə şübhə etmirik. Bu həm də o deməkdir ki, nazir problemi incəliyinə qədər bilir. Bu problemdən çıxış yollarını da göstərir.

Müsahibədə qlobal aqreqatorlar, şirkətlər haqda danışılıb. Nazir “Bolt”, “Uber”, “Yango” kimi şirkətləri “problemin böyüməsində mühüm rol oynayan” ünvan kimi göstərib. Demək, bu şirkətlərin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər. Türkiyədə və başqa bir neçə ölkədə olduğu kimi. “Bolt”, “Uber” proqramlarını bağlamaqla bunu etmək mümkündür. Düzdür, bunun da “çarəsi” tapılacaq – VPN-lə həmin şirkətlərin xidmətindən istifadə olunacaq. Amma kütləviliyinin qarşısı müəyyən qədər alınacaq.

Bəs hökumət gerçəkdən taksi təsərrüfatında monopoliya yaradır? Bu təsərrüfatı bir ələ cəmləyir? Bəzi peşəkar yanaşmalara, rəylərə baxdıq belə anlaşılır ki, burda əsas hədəflərdən biri xidmət keyfiyyətini artırmaq və tıxacların aradan qaldırılmasının qarşısını almaqdır. Nazir bu haqda deyib:

“Burada bir faktı da qeyd etmək vacibdir. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır”.

Olduqca maraqlı statistikadır. Nəzərə alınmalı faktdır. Amma bir mübahisəli məsələ var: paytaxtda tıxacların yaranmasında yalnız taksilərmi günahkardır? Yol infrastrukturunda ciddi qüsurlar bu məsələdə başlıca rol oynamırmı? 2000-ci illərin əvvəlindən başlayan xaotik tikinti bumu paytaxt yollarında uzun tıxacların yaranmasında ciddi paya sahibdir. Yerüstü ictimai nəqliyyatdakı çatışmazlıqları da bura əlavə edə bilərik.

Bir məsələni açıq söyləmək lazımdır: taksi hamı üçün əlçatan xidmət sahəsi ola bilməz. Bu, bütün dünyada belədir. Bunun belə olması insanları həm də ictimai nəqliyyatdan istifadəyə sövq edir. Əgər tramvayla, metro ilə ünvana daha tez çatırsansa, o zaman taksiyə nə gərək var? Avropa ölkələrində necədir? Tramvay və avtobuslarla səyahətlər daha kütləvidir, sərfəlidir. Taksilərdən isə əsasən turistlər, iş adamları və s. təbəqə istifadə edir. Yəni bizdəki kimi deyil hər halda.

Bir vaxtlar Bakıda da tramvay, trolleybus var idi. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu təsərrüfat tam dağıdıldı. Tramvay relsləri kəsilib satıldı, trolleybus xətləri söküldü. Köhnəlmiş, sıradan çıxmaqda olan bu industriya yenidən qurulmaq, bərpa edilmək əvəzinə ləğv edildi. İndiki şərtlərdə bunu yenidən bərpa etmək heç mümkün görünmür. Tarixi tramvay marşrutlarının üzərində binalar tikilib, obyektlər inşa edilib.

Bir sözlə, taksilərin “at oynatması”na bir pəncərədən baxmaq yanlışdır. Bura işsizliyi də əlavə etmək vacibdir. İşləməyən, gündəlik ehtiyacını qarşılamaq imkanı olmayan vətəndaş son çarəni taksi xidməti göstərməkdə axtarır. Bu, Sovet dövründən belədir. Fikrimizcə, öncə sadaladığımız məsələlər həll edilməlidir, ondan sonra taksi təsərrüfatında islahatlar fayda verə bilər.

Tahir Turan
Globalinfo.az