firemount oil1

Qərblə Rusiya arasında neft qiyməti müharibəsi qızışır. Belə ki, “Yeddilik Qrupu”nun sənayeləşmiş ölkələri və Avstraliyanın ötən cümə günü tətbiq etdiyi 1 barel üçün 60 dollarlıq qiymət həddini Rusiya kəskin narazılıqla qarşılayıb.

Rusiyanın energetika naziri, baş nazirin müavini Aleksandr Novak bazar günü deyib ki, Moskva hətta hasilatı azaltsa belə, Qərbin qiymət həddi qoyduğu nefti satmayacaq. Novak bunu dünya enerji ticarətinə kobud müdaxilə adlandırıb və tədarük çatışmazlığına gətirib çıxara biləcəyini deyib.

Ekspertlər yeni neft müharibəsinin qlobal iqtisadiyyata təsiri, neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması riski və Azərbaycanın bu qalmaqala mövqeyini şərh ediblər.

resizer 1

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban Globalinfo.az-a bildirib ki, cümə günü əgər London birjasında 85,6 dollarla birja bağlanmışdısa, bu gün 87 dollar ətrafında ticarət edilir. Amma qiymətlərin artımı Rusiya neftinə qarşı qoyulan yeni qadağalarla bağlı deyil:

“Sadəcə Çin hökuməti COVID-19 ilə bağlı əvvəlki həftələrdə tətbiq etdiyi məhdudiyyətləri bir qədər yumşaldıb. Bu da bazar iştirakçılarının Çindəki təlatümlərin, enerjiyə olan tələbatın azalmasının bundan sonra baş verməyəcəyi qənaətinə gəlməsi səbəbindən neftə olan tələbatın normal səviyyədə qalacağı ümidləri yaradıb. Buna görə də neftin qiyməti bir qədər artıb”.

Ekspert bildirib ki, reallıqda Avropa İttifaqı, G-7 və Avstraliyanın qoşulduğu 32 dövlətin Rusiya neftini yuxarı hədd qiyməti ilə almaq istəyi iki məqsəd güdür:

“Birincisi, bazarlarda qiymətlərin endirilməsinə nail olmaq, ikincisi isə Rusiyanın neftdən gələn gəlirlərini azaltmaq. Bu praktika özünün nə dərəcədə doğruldur, bunu 2023-cü ilin I rübü başa çatarkən biləcəyik. Çünki indi həm Rusiyadan, həm də əks tərəfdən bəyan edilən hər bir şey emosional xarakter daşıyır. Bazarın buna necə reaksiya verəcəyini bilmək üçün zaman gərəkdir. Sanksiyalardan qaçmaq olarmı, sanksiyalara necə əməl etmək olar və s.”.

İ.Şabanın sözlərinə görə, ilkin proqnozlar onu deməyə əsas verir ki, 2023-cü ilin I rübünün sonuna konservativ ssenari ilə Rusiyanın neft ixracı ən aşağısı 1 barel azalacaq. Normal ssenaridə isə bu 1,5 milyon barel ətrafında, daha yüksək göstərici isə 2 mln barel ola bilər.

Ekspert hesab edir ki, Azərbaycana bunun heç bir təsiri yoxdur:

“Biz dünya bazarına təsir etmirik. Nə Rusiya neftini alırıq, nə onu satırıq. Ona görə, bizim üçün əsas odur ki, dünya bazarında London birjasında hansı qiymətdir və Ceyhan limanından ona uyğun qiymətdə öz neftimizi satıb dolanırıq”.

elcin suleymanov

İqtisadçı ekspert Elçin Süleymanov isə bildirib ki, Avropa İttifaqı ölkələrinin Rusiyadan ixrac olunan, eyni zamanda tankerlərlə daşınan neft məhsullarında dekabrın ilk on günlüyündə 50-60 dollarlıq həddə tavan qiymət tətbiq etməsi təbii ki, neft qiymətlərinə təsir göstərdi:

“Son bir ayda birjalarda 100 dollara olan neft qiyməti 80 dollara qədər endi. Təbii ki, bu, siyasi qərardır və Rusiyanın Ukraynada müharibəsinə təzyiq rıçaqıdır. Eyni zamanda neft qiymətlərinin aşağı düşməsinə həm inflyasiyanın artması, həm də ABŞ-da, Çində iqtisadiyyatın geriləməsinin də təsiri var.

Bu çox risk doğuran hədd deyil. Düşünmürəm ki, Qərbin sanksiyası neft qiymətlərini kəskin ucuzlaşdırsın. Bu, faizdir, psixoloji təzyiq mexanizmidir. Amma eyni zamanda Rusiyanın əlində də təbii qaz və neftlə əlaqədar rıçaqlar var, bunu Çin və başqa alternativlərə satmaq imkanı var.

Son qərar OPEC-dən gələcək, çünki bu təşkilat neft qiymətlərinə daha çox təsir göstərir, nəinki Avropa İttifaqının Rusiya neftinə tavan qiymət müəyyənləşdirməsi”.

E.Süleymanov hesab edir ki, bunun Azərbaycana təsiri olur, amma böyük ehtimalla iqtisadiyyata çox ciddi təsir göstərəcək həddə enməz:

“Azərbaycanda neft qiyməti 2023-cü il üçün yenə 50 dollar civarında müəyyənləşdirilib. Ümid edirəm ki, bu, 70-80 dollarlıq həddən daha aşağı düşməz”.

Gülnar Səlimova,

Globalinfo.az

Paylaş: