Gərginlik artır: dünya iki böyük qorxu ilə üz-üzə – Şərh

“Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan virusa yoluxub:

“Koronavirus paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-in xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırkı virus ilkin ştamdan fərqlidir. Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb”.

Politoloq qeyd edib ki, Çin-Hindistan sərhədində son insident Dehlidə ciddi müzakirələrə səbəb olub:

“Hindistan parlamentində keçirilən müzakirələr zamanı Hindistan Milli Konqresinin simasında müxalifət hökumətin siyasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb”.

E.Şahinoğlunun sözlərinə görə, hökumət müxalifətin tənqidlərini qəbul etmir:

“Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb.

Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim Bharata Canata Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.

Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz koronavirusun geniş yayıldığı günlərə təsadüf etmişdi”.

Turan Rzayev
Globalinfo.az