Dövlətin milyonlarını mənimsəyən sabiq başçı azadlığa buraxılır? – “O şəbəkə Alimpaşanı himayə edir”

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

A.Məmmədovun dövlətə vurduğu zərərin 730 min manatını ödədiyinə dair rəsmi məlumat yayılıb.

Son günlər yayılan məlumatlardan belə bir qənaətə gəlmək olarmı ki, keçmiş başçı tezliklə azadlığa çıxacaq?

Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevlə (Əjdər Ol) bağlı da analoji proses gedir. Belə ki, onun dövlətə vurduğu 500 min manat dəyərində məbləğ məhkəmə istintaqı dönəmində ödənilib. Onun da azadlığa çıxacağı ilə bağlı mediada müzakirələr gedir.

Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, sabiq icra başçısı Alimpaşa Məmmədovun dövlətə sadəcə 730 min manat kreditini ödəməklə məsuliyyətdən yaxa qurtarması mümkün deyil.

Heydər Oğuz

O, A.Məmmədovun 2021-ci ildə DTX tərəfindən həbs olunarkən 10 milyonlarla manatlıq dövlət əmlakını mənimsəməkdə ittiham olunduğunu qeyd edib:

“DTX materiallarına görə, onun sadəcə Çinarlı bələdiyyəsinin 3 milyonluq əmlakını 40 manata özəlləşdirərək oğlunun adına keçirdiyi bəllidir. Bənzər üsullarla Şəmkirin digər varidatını da mənimsəyən Alimpaşanın ümumilikdə dövlətə nə qədər ziyan vurduğu bilinmir. Böyük ehtimalla, bu vəsait bir neçə 10 milyondur. Üstəlik, istintaq materiallarına inansaq, Alimpaşa Məmmədov bu mənimsəmə faktlarını inkar da etməyib, məhkəmədə hər şeyi boynuna alıb. Yadınızdadırsa, törətdiyi cinayətlərin xüsusi ağırlığını nəzərə alan dövlət ittihamçısı Alimpaşaya 13 il iş verilməsini məhkəmədən tələb etmişdi. Təbii ki, bu qədər böyük yeyintiləri sadəcə 730 min manatlıq simvolik ödəmə ilə “yumaq” mümkün deyil”.

Həmsöhbətimiz Alimpaşa Məmmədovun bu qədər böyük vəsaiti təkbaşına yemədiyini düşünür:

“Hakimiyyətdə Alimpaşanın bağlı olduğu hansısa şəbəkə ola bilərdi. Mümkündür ki, o şəbəkə sabiq icra başçısını indi də himayə etsin. Çünki bu qədər vəsaiti Alimpaşa Məmmədov tək yeyə bilməzdi. O, dövlətdən oğurladıqlarının böyük əksəriyyətini həmin şəbəkə ilə paylaşıb. İndi də həmin şəbəkə ola bilsin, onu himayə etsin. Bu qüvvələrin məhkəmə-hüquq sisteminə də güclü təsirləri var və onlar bir çox hallarda öz adamlarına bu cür absurd qərarlarla bəraət qazandırmağa çalışırlar. Təsadüfi deyil ki, bir müddət əvvəl Apelyasiya Məhkəməsi keçmiş MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyon dəyərində əmlakını geri qaytarmaq barədə qərar qəbul etmiş və bu qərar ciddi ictimai müzakirələrə yol açmışdı. Bir sözlə, cinayətləri tam sübuta yetirilmiş və barələrində hökm çıxarılmış keçmiş məmurlara bu cür mübahisəli qərarlarla bəraət verilməsi yeni hal deyil və Alimpaşanın həmin şəbəkənin “mərhəmət”indən yararlanması da mümkündür.

Alimpaşa Məmmədov dövlətə 7 mln. manata yaxın ziyan vurmaqda təqsirləndirilir

Hesab edirəm ki, Azərbaycan dövlətinin siyasi iradəsi məhkəmə sisteminin hansısa qüvvələrin əlində bu cür alətə çevrilməsinə icazə verməyəcək və verməməlidir də”.

Heydər Oğuz Şəmkirin sabiq icra başçısının 730 minlik borcunu qaytarması ilə bağlı xəbəri ona bəraət verilməsi kimi də qiymətləndirmir:

“Alimpaşa Məmmədov 10 milyonlarla yeyintisinin sadəcə 730 minini geri qaytarıb və bunun müqabilində müsadirə olunmuş əmlakının cüzi bir qisminə sahiblənib. Məlum olduğu kimi, Alimpaşanın 10 milyonlarla manat dəyərində olan əmlakı müsadirə edilmişdi. Məlumatda isə onun sadəcə, mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyanın tam ödənilməsindən, “Şəmkir Səbət” MMC və “Abad Şəmkir” MMC-yə aid əmlakların üzərinə qoyulmuş həbs qərarının dəyişdirilməsindən söhbət gedir. Belə anlaşılır ki, A.Məmmədov barəsində çıxarılmış məhkəmə hökmündə həm də mülki mübahisə predmetinə çevrilmiş xüsusatlar da olub. Üzərindən həbs qərarı götürülənlər də, görünür, bu əmlaklara aiddir. Amma Məmmədovu bu mülki məsələlərə görə həbs etməyiblər. Onu korrupsiya və rüşvətxorluq maddələri ilə günahlandırıblar. Korrupsiya yolu ilə mənimsənilən əmlaklar isə insanın qanuni əmlakı sayıla bilməz və onların dəyəri ödənilsə belə, geri qaytarılmaz. Çünki həmin əmlaklar dövlətə və ya hansısa hüquqi şəxsə aiddir və böyük ehtimalla öz həqiqi sahiblərinə geri verilib”.

Xatırladaq ki, A.Məmmədov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Zaira Akifqızı
Globalinfo.az