Sabiq nazirin ifadəsi deputatın oğlunun həbsinə səbəb ola bilər – Həbibbəylilər şokda

Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sabiq nazir məhkəmə ifadəsində adlar çəkərək Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəyliyə hər ay pul verdiyini deyib.

Naxçıvanda 2022-ci ilin sonlarından başlayaraq keçirilən antikorrupsiya tədbirləri çərçivəsində həbs olunan sabiq məmurlar məhkəmələrdə ifadə verərək daha kimlərin adlarını çəkəcək?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Rafael Əliyev və Mənsur Əsgərovun məhkəmədə bu cür ifadə verməsi gözlənilməz deyildi.

Şərhçinin sözlərinə görə, onların dediklərində böyük həqiqət payı var:

“Həqiqətən də, Vasif Talıbovun dövründə Naxçıvanında hansısa məmurun nəinki özbaşına korrupsiya ilə məşğul olmaq, az qala icazəsiz nəfəs almaq hüququ yox idi. Bununla belə, “mən dövlət əmlakını talayıb “baş akademik”in oğluna vermişəm” arqumenti onları cinayət məsuliyyətindən xilas etmir, etməməlidir. Adama deyərlər ki, özün bilə-bilə niyə bu cinayətlərə getmisən? Niyə vaxtında istefa verib, kimlərinsə cinayətinə şərik olmaqdan imtina etməmisən?”.

Rafael Əliyev və Səhhət Həbibbəyli

Heydər Oğuz bildirib ki, bu şəxslərin yalnız İsa Həbibbəylinin oğlunun adını hallandırmaları da səmimiyyətdən uzaqdır:

“Bütün Naxçıvan bilir ki, Rafael Əliyev gömrükdə işlədiyi müddətdə oğurladığı pulları hər gün kisəyə doldurub Vasif Talıbovun kiçik oğlu Seymurun “Grand” otelinə aparıb birbaşa “xanzadə həzrət”lərinə təqdim edirdi. Məhz bu müstəsna xidmətlərinə görə o, mükafatlandırıldı və Naxçıvanın maliyyə naziri vəzifəsinə gətirildi. Niyə o zaman ortaq cinayət əməlinin əsl rəhbərinin adını çəkmir? Eyni sözləri onun yerinə təyin olunan Mənsur Əsgərov haqqında da demək olar”.

Həmsöhbətimizin fikrincə, Səhhət Həbibbəyli yeri gələndə Seymur Talıbovdan daha ağır cəzaya layiq görülməlidir:

“Çünki Quranda bir ayə var: “Allah Təalla deyir ki, heç bilməyənlərlə bilənlər eyni ola bilərlərmi?”. Səhhət Həbibbəyli Seymur Talıbovdan fərqli olaraq, guya ziyalı ailəsində böyüyüb. Onun atası hər halda Vasif Talıbov kimi XX əsrə “iks-iks əsri” deməyib. Baxmayaraq ki, yazdığı bir çox monoqrafiyaların müəllifliyinə iddia edən çox sayda adam var. Adına da etdiyi əməllərinə görə “Perevod İsa”, “Pəncov İsa” kimi yarlıqlar yapışdırıblar. Bununla belə, İsa Həbibbəyli ilə Vasif Talıbovun intellektini eyni tərəziyə qoymaq olmaz. Ona görə də Səhhət Həbibbəyli Quranın məlum ayəsinə əsasən, bilə-bilə böyük cinayətlərə əl bulaşdırdığına görə daha ağır məsuliyyət daşımalıdır. Amma yenə də Vasif Talıbovun özünü və oğlunu bu cinayətlərin məsuliyyətindən kənarda tutmaq olmaz. İlk cəza alanların başında Talıbovlar gəlməlidir”.

Zaira Akifqızı
Globalinfo.az