Diplomatiya və Sülh: Çinin Qlobal Böhrana yanaşması

Almaniya kansleri Olaf Şolz Çinə səfəri çərçivəsində Prezident Si Tsinpinlə görüşüb. Bu görüş zamanı Çin Prezidenti Ukrayna məsələsinin həlli və sülhü mümkün qədər tez bərpa etmək üçün dörd prinsip təklif edib.

Si Tsinpin münaqişəyə son qoyulması üçün 4 istiqamətdə irəliləməyin vacib olduğunu deyib.

Sitat: “Birincisi, biz sülh və sabitliyin qorunmasını prioritet hesab etməli və eqoist maraqlarımızı təmin etməkdən çəkinməliyik. İkincisi, alova yağ tökməmək, vəziyyəti sakitləşdirmək lazımdır. Üçüncüsü, sülhü bərpa etmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün şərait formalaşdırmalıyıq. Dördüncüsü, müharibələr nəticəsində dünya iqtisadiyyatına mənfi təsirləri azaltmalı, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”.

Onun təklifinin reallaşması nə qədər mümkün görünür? ABŞ-ın əsas rəqibi, Rusiyanın isə tərəfdaşı olaraq bilinən Çin bununla nəyə nail olmaq istəyir?

Mövzunu Globalinfo.az -a şərh edən beynəlxalq əlaqələr üzrə analitik Masil Dəmirov bildirib ki, Çin münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır:

“Çin rəhbəri Si Cinpinin Ukrayna probleminin həlli və sülhün bərpası təklifi beynəlxalq nizam və diplomatik praqmatika prinsiplərinə müraciət kimi səslənir. Lakin bütün siyasi məsələlərin həlli tarixi kimi, onun həyata keçirilməsi də münaqişə tərəflərinin iradəsi, geosiyasi dinamika və beynəlxalq dəstək daxil olmaqla, kompleks amillərdən asılıdır.

ABŞ, Rusiya və Çin kimi əsas aktorlar arasında münasibətlərin qırılma nöqtəsinə qədər gərginləşdiyi hazırkı qlobal siyasi mənzərə kontekstində, Çinin təklifi böhranların həllində konstruktiv vasitəçi rolunu nümayiş etdirmək cəhdi kimi görünür. Sülh və sabitliyi təmin etməyə çalışan Çin münaqişələrin diplomatik yolla həllinin tərəfdarıdır. Bu da onun dünya arenasında “çoxvektorlu” qarşılıqlı fəaliyyət strategiyasını vurğulayır”.


Masil Dəmirov

Analitik deyib ki, bununla belə, Çinin öz maraqları da nəzərə alınmalıdır:

“ABŞ-ın əsas rəqibi və Rusiyanın tərəfdaşı kimi Çin dünya siyasətində öz təsirini gücləndirməyə çalışır. Cənab Si Cinpinin təklifi onun beynəlxalq münaqişələrin həllində əsas rol oynamağa qadir, eyni zamanda regionda maraqlarını qoruyan ölkə kimi reputasiyasını gücləndirmək cəhdi olaraq qiymətləndirilə bilər. Təcrübələr göstərir ki, bu cür təkliflərin həyata keçirilməsi uzunmüddətli sülh və sabitliyə gedən yolda tez-tez maneələrlə üzləşir. Ukrayna məsələsində olduğu kimi, dərin tarixi, etnik və geosiyasi köklərin olduğu münaqişələrdə kompromis əldə etmək son dərəcə çətin ola bilər. Olsa da, bu, üzunmüddətli deyil, yeni potensial münaqişələr ocağı kimi hər an qızışa bilər”.

“Bununla belə, Si Cinpinin təklifi qlobal problemlərin həllində diplomatik nizamlamaların və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır. Onun təşəbbüsü müzakirələr və kompromis həll yollarının axtarışı üçün başlanğıc nöqtəsinə çevrilə bilər. Bu da son nəticədə təkcə regionda deyil, bütövlükdə dünya siyasətində çoxdan gözlənilən sülh və sabitliyə gətirib çıxara bilər”, – analitik bildirib.

Ayşən Mustafa
Globalinfo.az