Dərslər nə vaxt başlamalıdır? – Ekspertdən maraqlı təklif

Elm və təhsil naziri Emin Əmrullayevin mayın 16-da keçirdiyi brifinqdə səsləndirdiyi bəzi fikirlər rezonans doğurub. Xüsusən dərslərin sentyabrın 1-də başlaması ilə bağlı dedikləri fikir ayrılığına zəmin yaradıb. Artıq ictimaiyyətdə dərslərin sentyabrın 1-i başlaması ehtimalı müzakirə edilir. Bir çoxu hava temperaturu səbəbindən dərslərin sentyabrın 1-də başlamasının doğru olmadığını vurğulayıb.

Globalinfo.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov 1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirməyin absurd olduğunu deyib.

“Birincisi, 1-15 sentyabrda havanın temperaturu artmır, əksinə sərinləşir. Temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün artır və tədris üçün əlverişsiz olur. Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr-30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar”, – K.Əsədov qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az