Çingiz Qənizadə: “Biz kimlərəsə söz verməmişdik ki, sizi azadlığa buraxdıracağıq”

Prezident İlham Əliyev mayın 8-də əfv sərəncamı imzaladı. Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Müstəqil Azərbaycan tarixinin ən böyük əfv sərəncamına əsasən 801 məhkum azadlığa buraxılıb. Onlar arasında bir neçə tanınmış simalar da var. Amma bir neçə tanınan şəxsin azad edilməsi gözlənilsə də bu, baş vermədi.

İctimai rəydə belə təsəvvür var idi ki, hüquq müdafiəçilərinin Əfv Komissiyasına təqdim etdikləri siyahıya əsasən ömürlük həbsə məhkum olunan OMON-çular, sabiq səfir Eldar Həsənov, keçmiş deputat Hüseyn Abdullayevi, Beynəlxalq Bankın prezidenti olmuş Cahangir Hacıyev və digərləri azadlığa çıxacaqlar.

Globalinfo.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə əfv sərəncamından razı qaldığını bildirib.

Onun sözlərinə görə, kiməsə azadlığa çıxması ilə bağlı söz verilməyib:

“Əgər kimsə hesab edirsə ki, hüquq müdafiəçiləri yalnız ölkənin ictimai-siyasi xadiminin, biznes mühiti və ya vəzifə statusları ilə tanınan adamların müdafiəsi ilə məşğuldur, bu, yanlışdır. Biz hər vətəndaşın hüquqlarının qorunması ilə məşğuluq. Bəli, adını qeyd etdiyiniz insanlar ölkədə müəyyən qədər tanınırlar. Bizim onlar qarşısında öhdəliyimiz yoxdur ki, sizi mütləq azadlığa çıxmanıza nail olacağıq. Biz sadəcə müraciət edirik. Əfv institutu prezidentin səlahiyyətində olan məsələdir, konstitusiya yalnız prezidentə icazə verir ki, kimlərisə azadlığa buraxsın. Prezident də əfv sərəncamı imzalayanda müraciətlərə baxır, bəzisini məqbul hesab edir, bəzisini etmir. Bu baxımdan da dünən 801 nəfər azad olunub. Bunların içərisində hansısa ağzı göyçəklər məsələ qoyurlarsa ki, niyə tanınmış şəxslər azadlığa buraxmadılar, daha sözüm yoxdur. Onlar bilməlidirlər ki, orada həmin şəxslərdən daha tez buraxılmağa mənəvi haqqı olan insanlar var. Mən məşhurları qəti pisləmirəm. Allah onların da qapısını açsın. Bizim də müraciətlərimizdə bəzilərinin adı var idi. Amma qərar prezidentindir. Kimsə bizim hüquq müdafiəçiliyimizə kölgə salmaq istəyirsə, bacarmayacaq”.

Ç.Qənizadə yalnız azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları ilə məşğul olmadıqlarını deyib:

“Bizə gün ərzində onlarla müraciət olur. Hər bir hüquq müdafiəçisi öz ofislərində ayrı-ayrı vətəndaşları qəbul edir. Bəzən regionlarda da insanların problemlərini həll edirik. Amma kimlərsə deyirsə niyə tanınmışlar çıxarmadılar, düz etmirlər. Təqdim etdiyimiz siyahılara əsasən müsbət nəticələr olur. Hesab edirəm ki, cənab prezidentin dünən imzaladığı əfv sərəncamı ilə azadlığına qovuşan, cəzasının yarı hissəsindən azad edilən insanların sayı 801 deyil. Onların ailələrini, doğmalarını, dost-tanışlarını da əlavə etsək, prezidentin 100 mindən çox insanın sevincinə səbəb olduğunu deyə bilərik. Burada kimsə nöqtə-vergül axtarmasın. Elə adamlara nə istədikləri ilə bağlı sual vermək lazımdır. Onsuz da prezident 801 yox, 1801 nəfəri də azad etsə idi, yenə belə suallar veriləcəkdi. Allah bütün məhbusların qapısını açsın”.

Zaira Akifqızı
Globalinfo.az