Çində virus tüğyanı başladı: 33 il sonra bir ilk yaşanır

“Çində koronavirusla iki ildən çox müddətdə aparılan mübarizə nəticə verməyib. Virus bu ölkədə yenə tüğyan edir, yoluxanların sayı sürətlə 50 minə yaxınlaşır. Gündəlik yoluxma sayı onminlərlədir. Baxmayaraq ki, ölənlərin sayı çox deyil, yoluxma sayının artması narahatedicidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Atlas” siyasi araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Pekin virusun yayıldığı şəhər və qəsəbələri yenidən qapatmağa başlayıb:

“Çində testlər yenidən mütləq olub, testdən keçməyənlər küçəyə və işə buraxılmırlar. Bu, insanların etirazına səbəb olub, bəzi yerlərdə polislə kütləvi toqquşmalar qeydə alınıb. Paytaxt Pekində də vəziyyət mürəkkəbdir – məktəblər, idman zalları, restoran və bərbərxanalar kütləvi şəkildə qapadılır. Sanitar xidmətlər şəhər küçələrini nəzarətə götürürlər. Çinin böyük şəhərlərində “kovid polisi” fəaliyyətə başlayıb. “Kovid polisi” əllərindəki xüsusi kameralarla testdən keçməyənləri küçəyə buraxmır, etiraz edənləri zorla polis məntəqəsinə aparırlar.

Pekinlə yanaşı, əhalisi 25 milyon nəfəri ötən Şanxayda da vəziyyət mürəkkəbdir, şəhər qapanmağa hazırlaşır. Şanxay Çinin və dünyanın əsas ticarət şəhərlərindən sayılır. Bu şəhərin qapadılması müxtəlif növ məhsulların dünya ölkələrinə daşınmasına əngəl yaradır, konteynerlər gəmilərə yüklənmir. Bu, dünyada lojistik problemləri dərinləşdirəcək. Dünyanın müxtəlif ölkələrində Yeni il hədiyyələri gözləyənlərin məyus olma ehtimalı yüksəkdir.

Digər tərəfdən Çindəki böyük müəssisələrin qapanması da dünya ticarətinə mənfi təsir edəcək. Bunun dünya ticarətində domino effekti olacaq”.

Politoloq qeyd edib ki, Çində iki il bundan əvvəl koronavirusla mübarizədə tətbiq edilən “sıfır dözümlülük” konsepsiyası müsbət nəticə vermədi:

“Koronavirusu tam yox etmək mümkün deyil. Çində virus tam yox olmadı, azaldı və yenidən çoxaldı. Dünyanın heç bir ölkəsi virusla mübarizədə Çindəki kimi sərt üsullardan istifadə etmədi.

Urumçi şəhərində noyabrın 24-də evin yanması nəticəsində onlarla uyğur həlak olub. Hakimiyyət koronavirusun yayılması bəhanəsi ilə uyğurları evlərində həbsə məhkum edib. Onlar da yanğın zamanı evlərini tərk edə bilmədiklərinə görə yanaraq külə dönüblər. Bu hadisə Çinin digər şəhərlərində insanların küçələrə axışmasına səbəb olub. Sərt karantin qaydalarına etiraz edən çinlilər artıq “Si Szinpin rədd ol!”, “Kommunist Partiyası rədd ol!” kimi siyasi şüarlar səsləndirirlər. Çin üçün insanların kütləvi şəkildə etirazı görünməmiş hadisədir. Sonuncu dəfə oxşar etirazlar 1989-cu ildə Pekinin mərkəzi meydanı olan Tyananmendə qeydə alınmışdı. O zaman Çin rejimi dəyişiklik tələb edən gənclərə qarşı ordu və tanklardan istifadə etdi, minlərlə insan həlak olmuşdu. Görək bu proses necə yekunlaşacaq”.

Turan Rzayev
Globalinfo.az