13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.
İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirinin ölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda, tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasının tətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcud çağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeyd edilib.
Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra regional və beynəlxalq layihə və təşəbbüslərdən bəhs olunub, COP29 çərçivəsində bu gün “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı diqqətə çatdırılıb.
COP29 sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim maliyyəsi mövzusunun irəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyət nəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yeni maliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunu bildirib.
Prezident Filemon Yanq ölkəmizi COP29 sədrliyi münasibətilə təbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinə xüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüşdə, Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimiz çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib, sədrliyin təhvil alınması, habelə sessiyaya hazırlıq işləri çərçivəsində BMT, onun ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq etdiyimizi diqqətə çatdırıb. Ölkəmiz tərəfindən edilən bu seçimin iqlim dəyişikliyi ilə mübarizə səylərinin əlaqələndirilməsi və davamlılığının təmini baxımından əhəmiyyəti vurğulanıb.
İqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyimizdən çox öncə ətraf mühitin qorunması məsələlərini milli inkişaf strategiyamızın mərkəzinə gətirdiyi, sədrliyimiz çərçivəsində isə bu istiqamətdə qlobal səylərə töhfə vermək niyyətində olduğumuz bildirilib.
Baş direktor Emi Poup COP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib.
İqlim dəyişikliyi nəticəsində bir çox insanın miqrasiya etdiyini nəzərə alaraq, bu baxımdan Təşkilatın əsas fokusunun həmin insanların uyğunlaşması, onlara dəyən zərərlərin aradan qaldırılmasına dəstək olduğu qeyd edilib. Bu baxımdan, sədrliyimizin iqlim maliyyəsi prioritetini irəli sürməsinin bu kimi məsələlərin həllini tapmasına töhfə baxımından əhəmiyyəti qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.