Çəkiliş zamanı adam güllələyən aktyorla bağlı qərar verildi

ABŞ-nin Nyu-Meksiko Ştat Prokurorluğu “Rust” (“Pas”) filminin çəkilişləri zamanı operatorun ölümündən sonra aktyor Alek Bolduinə qarşı qəsdən adamöldürmə ittihamını ləğv edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun vəkilləri açıqlama veriblər.

Lyuk Nikas və Aleks Spiro verdikləri açıqlamada deyiblər: “Biz Alek Bolduinə qarşı ittihamların ləğv olunması qərarından məmnunuq və bu faciəli hadisənin detallarını hərtərəfli araşdırmağa çağırırıq”.

Filmin silah ustası Hanna Quterris Ridə qarşı irəli sürülən oxşar ittiham isə ləğv edilməyib.

Ridi 18 aya qədər həbs və 5 000 dollar cərimə gözləyir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında “Rust” filminin çəkiliş meydançasında məşq zamanı filmin həm də prodüseri olan Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb. O, silahın boş patronlarla dolu olduğunu zənn edib. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza xəsarət alıblar. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb.